AZ

İRANI NƏ GÖZLƏYİR? Rejim niyə yıxılmadı və ABŞ ni uğursuzluq gözləyirmi?

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində teokratik rejimin tezliklə yıxılacağını zənn edənlər indi Amerikanın heç bir nailiyyət əldə edə bilməyəcəyindən danışmağa başlayıblar. Onların belə düşünməsinin başlıca səbəbi rejimin yıxılmaması, İsrailə, körfəz ölkələrinə edilən zərbələr və İranın Hörmüz boğazından keçən yük gəmilərinə, neft tankerlərinə qarşı hücumlarıdır.

Nəinki bu müharibəni, eyni zamanda dünya miqyasında gedən geostrateji və iqtisadi mücadiləni analiz edən zaman hadisələrin zahiri tərəfinə fokuslanmaqla və emosiyaya qapılmaqla, düzgün nəticəyə gəlmək olmaz.

Əvvəla, unutmayaq ki, İranın iri həcmli raket arsenalının mövcudluğu Tehranın illərdir bu müharibəyə hazırlaşmasından xəbər verir. 

İkincisi, İranda heç də hər şey birbaşa Ali Dini rəhbərin fiziki varlığı üzərində qurulmayıb. 

Üçüncüsü isə, hər necə olsa da, 47 il hakimiyyətdə olan ruhanilər elə bir idarəetmə sistemi qurublar ki, onun nümayəndələri ən çətin məqamlarda dövlət, vətən, xalq barədə deyil, özünüqoruma, həyatda qalma instikti ilə düşünsünlər.

Ümumiyyətlə, İran rəbərliyi müharibənin qaçılmaz olduğunu bilirdi və bu gün onlar qalib gəlmək uğrunda yox, sağ qalmaq prinsipi əsasında dirəniş göstərirlər. Əslində, onların başqa çarələri də yoxdur və Trampla danışıqlardan heç bir təminat almayacaqlarını yaxşı dərk edirlər. Bu gün İranın körfəz ölkələrinə hücumları da, böyük ehimalla, lap öncədən planlaşdırılıb.

“The New York Times” qəzetinin iddiasına görə, Ali Dini rəhbər Əli Xamenei və SEPAH Xameneinin öldürülməsi halında həyata keçiriləcək “Dəli” adlandırılan xüsusi əməliyyat planı hazırlayıblarmış. Bu plana əsasən, İsrailə və ABŞ-nin ərəb ölkələrindəki hərbi bazalarına zərbələr endirilməsiylə yanaşı, körfəz ölkələrinin hərbi obyektlərinə, iqtisadi infrastrukturlarına, neft bazalarına, limanlarına, turizm mərkəzlərinə raket/dron hücumları təşkil etdilməli, Hörmüz boğazından keçən istənilən nəqliyyat vasitəsinə zərbələr vurulmalıdır ki, qlobal çapda xaos yaransın. Belə ki, dünya neftinin 20%-i, sıxılmış təbii qazın (LNG) 35 faizi Hörmüz boğazından keçir. Yəni, gərginlik elə həddə çatdırılmalıdır ki, ABŞ və körfəz ölkələri iflic halına salınsın, dünyada dəhşətli enerji böhranı yaşansın. Göründüyü kimi, elə həmin plan da yerinə yetirilir və müəyyən mənada işləyir. Belə bir planın yaxın perspektiv üçün effekt verməsi mümkündür, lakin uzaq perspektivdə nə olacağını Tehrandakılar bilirlərmi?

İran özünün ortaya qoya biləcəyi maksimum gücünün nədən ibarət olduğunu nümayiş etdirir və onun müharibədə uzunmüddətli dirəniş göstərmək potensialı məhddudur. İslam İnqilabı Keşikçiləri Korpusu əlindəki bütün imkanlardan istifadə edir, İsrailə və korfəz ölkələrinə ballistik, qanadlı raketlər və zərbə dronları buraxır. Hazırda İran İsraili ən ağır ballistik raketlərlə atəşə tutsa, mülki obyektləri dağıtsa da, onun hərbi potensialını sıradan çıxara bilməyib və bunun baş verəcəyi də inandırıcı görünmür. İran sağa-sola nə qədər zərbə vursa da, bu onun düşmənlərinin hərbi potensialına təsir etmir, əksinə, ABŞ və İsrailin aviazərbələri nəticəsində İrandakı raketlərin buraxılış qurğularının bir hissəsi məhv edildiyindən və həmçinin yeraltı şaxtaların girəcəkləri dağıdıldığından iranlılar raketləri qənaətlə işlədirlər. İsrail və ABŞ sistemli şəkildə İranın hərbi-sənaye obyektlərini, bazalarını, silah anbarlarını, hərbi kommunikasiya mərkəzlərini, SEPAH-a, Bəsicə məxsus bütün binaları məhv edir. Sözsüz ki, bununla rejimin müqavimətini tezliklə qırmaq çətindir, İrana quru qoşunlarının yeridilməsi isə yalnız əlverişli şərtlər yetişdiyi halda həyata keçirilə bilər. Belə bir şərait isə faktiki baxımdan hələ ki, yoxdur.

Beynəlxlaq hərbi ekspertlər bildirirlər ki, müharibədən əvvəl ABŞ-nin minimum və maksimum proqramı vardı. Ola bilsin ki, ABŞ İran üçün ən dəhşətli planını işə salsın. Hələ ABŞ İran iqtisadiyyatının onurğa sütünü sayılacaq neft və qaz emalı zavodlarına, Xark adasındakı neft terminalına zərbə vurmayıb və bu hədəflərin həqiqətən də maksimum plana daxil olub-olmadığı bəlli deyil, lakin müharibə kritik dönəmə girəndə belə bir şeyin baş verəcəyi istisna deyil. Tramp əbəs yerə demir ki, biz İrana elə zərbələr vurarıq ki, o heç zaman özünə gələ bilməz. Bəlkə də ABŞ İranın körfəz ölkələrinə zərbə vurmasına təhrik etməklə təxribata çəkir ki, sonradan İrana həqiqətən də bu cür ölümcül zərbələr vursun.

Digər yandan, biz elə hesab etməyək ki, ABŞ-nin bu müharibədə ən başlıca və ümdə məqsədi İranda rejimin dəyişilməsidir. Əlbəttə, bu məsələ Vaşinqtonun prioritetlərindən biridir, lakin heç də birincisi deyil. Qlobal çapda Amerikanın gələcək rəqibi Çindir. İran isə ABŞ-nin Yaxın Şərqdəki siyasətinə qarşı çıxdığından, onun susdurulması vacib hesab edilir.

Yeri gəlmişkən, strateji əhəmiiyət daşıyan Hörmüz boğazından keçidin İran tərəfindən blokadaya alınması ilk növbədə onun enerji daşıyıcılarına böyük ehtiyac duyan müttəfiqi Çinə problemlər yaradır. Çin neftə olan tələbatının təxminən 40 faizini körfəz ölklərindən idxal edir. Çin Rusiya ilə yanaşı, Səudiyyə Ərəbistanından, İraqadan, İrandan, Küveytdən və BƏƏ-dən neft alır. Gördüyümüz kimi, Çin hazırda müşkül bir vəziyyətlə qarşılaşıb.

Çinə qarşı atılan ən güclü addım, onun müttəfiqlərinin sıradan çıxarılmasıdır ki, Donald Tramp da məhz bununla məşğuldur. Elə bu səbəbdən də Çin uzun illər ərzində dünyaya yayılmaq, ABŞ əleyhinə olan ölkələrlə yaxınlıq, müttəfiqlik etmək, onların hərbi və iqtisadi sahədə güclənməsinə yardım göstərmək proqramını həyata keçirib. Tramp bütün bunları öz ölkəsinin həyati vacib maraqları üçün ciddi təhdid saydığında Venesuelanı, Suriyanı “özününküləşdirdi” və indi də İranı ram etməyə çalışır.

Martın sonunda Donald Tramp Çinə səfər edəcək və o, müharibə sayəsində Pekinə “əli dolu” gedərək, görüşdə üstün tərəf olmaq istəyir. ABŞ və Çin arasında danışıqlarda yəqin ki, Tramp Si Cinpinə Yaxın Şərqə və Amerika qitəsinə yalnız ABŞ-nin nəzərət edəcəyini, Pekinin oralara iqtisadi müdaxiləsinə yol verməyəcəklərini söyləyəcək. Həmin görüşə kimi ABŞ İrana zərbələrini davam etdirəcək və İrandakı dağıntıların miqdarı getdikcə artacaq. Bu görüşdən sonra Trampın İranın iqtisadi təməllərinə daha sarsıdıcı zərbələr vurub-vurmayacağı bəlli olacaq.

Vaqif NƏSİBOV

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
azpolitika.info

1Mənbələr