ABŞ 12 martdan əvvəl tankerlərə yüklənmiş Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti olaraq ləğv edib.
Bu, ABŞ-nin Rusiya neft bazarını qiymət limiti ilə boğmağa başlamasından bəri üç il üç ay ərzində ilk belə yumşalmadır.
Belə ki, məhdudiyyətlərin qaldırılması 100 milyon barelə şamil ediləcək. ABŞ Maliyyə Nazirliyi artıq yüklənmiş xam neft və neft məhsullarının tranzitdə satışı, daşınması və boşaldılması üçün lisenziya verib.
Əməliyyat, çatdırılma və boşaltma üçün lazım olan bütün əməliyyatlara icazə verilir. Sənəd 11 aprelə qədər qüvvədədir.
ABŞ Maliyyə Nazirinin məlumatına görə, bu, Rusiyaya demək olar ki, heç bir fayda verməyəcək.Bəs ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti olaraq yumşaltması qlobal enerji bazarında hansı dəyişikliklərə səbəb ola bilər? Bu qərar Avropa ölkələrinin enerji təhlükəsizliyi və alternativ enerji siyasətinə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ABŞ-nin Rusiya neftinə qarşı bəzi sanksiyaları müvəqqəti yumşaltması qlobal enerji bazarında yaranmış gərginliklə əlaqədardır.

Onun sözlərinə görə, bu qərar enerji qiymətlərinin kəskin artmasının qarşısını almağa yönəlib:
"Əslində, dünya enerji bazarında yaranan gərginlik və İran ətrafında baş verən müharibəyə ABŞ tərəfindən bu addım atılıb. Bu, ən azı, enerji qiymətlərinin kəskin artmasının qarşısını alacaq. Yəni məqsəd müharibə bitənə qədər qiymətlərin daha sürətlə yüksəlməsinin qarşısını almaqdır".
İqtisadçı əlavə edib ki, tərəflər arasında elan olunmayan qarşılıqlı anlaşmaların olması ehtimalı da istisna edilmir:
"Fikrimcə, ABŞ və Rusiya arasında müəyyən anlaşmalar mövcuddur. Bu addımı həmin anlaşmalar kontekstində də qiymətləndirmək lazımdır.
Çünki Donald Tramp ilə Vladimir Putin arasında tez-tez danışıqların aparıldığı məlumdur. Hətta yayda Alyaskada görüş də olmuşdu. Ehtimal etmək olar ki, tərəflər arasında qarşılıqlı maraqlara əsaslanan, ictimaiyyətə elan olunmayan müəyyən razılaşmalar mövcuddur.
Hazırkı qlobal enerji bazarı konjonkturası fonunda ABŞ sanksiyaları qismən yumşaltmaqla həm bazardakı vəziyyəti sabitləşdirməyə, həm də Rusiya ilə münasibətləri müəyyən qədər tənzimləməyə çalışır".
O bildirib ki, müharibə bitənə qədər qiymətlərin yüksək qalması ehtimalı kifayət qədər çoxdur:
"Bu addımın müəyyən təsiri ola bilər. Amma müharibə davam etdiyi müddətdə enerji qiymətlərinin yüksək qalması ehtimalı kifayət qədər böyükdür.
Qiymətlərin ciddi şəkildə aşağı düşməsi isə daha çox müharibənin başa çatmasından asılı olacaq".Qeyd edək ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin bir barelinin qiyməti 10,15 ABŞ dolları və ya 10,6 % bahalaşaraq 105,58 ABŞ dollarına yüksəlib. Halbuki əvvəlki qiymət 95,43 ABŞ dolları təşkil edirdi.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində götürülüb.