AZ

Hökumət: Azərbaycandan Ermənistana neft məhsullarının ixracı sırf kommersiya xarakterlidir

Azərbaycan mənşəli neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Hesabatda vurğulanır ki, Azərbaycan mənşəli neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir. Azərbaycan mənşəli neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addım hesab oluna bilər.

Sənəddə xatırladılır ki, SOCAR tərəfindən 2025-ci il 18 dekabr tarixində ilk dəfə olaraq yerli istehsaldan A-95 markalı avtomobil benzinin Ermənistana tədarükünə başlanılıb.

Qeyd olunur ki, Azərbaycanda neft məhsulları Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) istehsal edilir.

Hesabata əsasən, 2025-ci ildə NEZ-də 6 226 min ton xam neft emal olunaraq 1 462 min ton avtomobil benzini, 691 min ton reaktiv mühərrik yanacağı, 2 549 min ton dizel yanacağı, 229 min ton maye qaz, 259 min ton bitum, 235 min ton koks və digər məhsullar istehsal olunub.

“Həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi 97% təşkil edib, əmtəəlik neft məhsullarının 87%-i daxili bazara, qalan 13%-i isə ixraca yönəldilib. Neft məhsullarının ixracından daxilolmalar 386,1 mln. ABŞ dolları, daxili satışından isə 5 106,6 mln. manat təşkil edib”, - hesabatda qeyd olunur.

Seçilən
0
2
fed.az

3Mənbələr