AZ

Azərbaycan güclü, davamlı, balanslı və inklüziv qlobal inkişafı hədəfləyən dövlət kimi çıxış edir - ŞƏRH

Bakı, 13 mart, AZƏRTAC

Enerji, xarici siyasət və milli təhlükəsizlik arasında birbaşa əlaqə mövcuddur. Qeyri-qənaətbəxş nəticələrin səbəbləri üzərində yenidən düşünülür, sənayenin tam inteqrasiyasına nail olunmasına çalışılır və qitənin enerji təhlükəsizliyi ciddi siqnal kimi qəbul edilir. Avropa İttifaqının iqlim siyasəti və enerji təhlükəsizliyi ilə bağlı iddialı məqsədləri mövcuddur. Bu hədəflər və həyata keçirilən siyasətlər böyük makroiqtisadi nəticələrə səbəb ola bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycan güclü, davamlı, balanslı və inklüziv qlobal inkişafı hədəfləyən bir dövlət kimi çıxış edir. Ölkənin Cənubi Qafqazda lider mövqeyi azad və fəal xarici siyasətlə dəstəklənir. Azərbaycan digər dövlətlərin təsir və təzyiqlərindən kənar qərarlar qəbul etmək qabiliyyətinə malikdir və müstəqillik prinsipinə əsaslanan dünya sülhünün qorunması istiqamətində beynəlxalq səyləri dəstəkləyir. Bu baxımdan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Liderinə müraciət edərək qeyd etdi ki, sizin rəhbərliyiniz zəruridir və tərəfdaşlığımız güclüdür. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə kölgə salmağa çalışan qüvvələrə bu mövqe əslində aydın cavabdır və tərəflərin mövqeyini nümayiş etdirir”,- deyə A.Badamov vurğulayıb.

Deputat qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa bazarı artım potensialına malik olmaqla Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edir. Ənənəvi enerji sahəsində əməkdaşlıq bərpaolunan enerji sahəsində də inkişaf edir. Azərbaycanın bu istiqamətdə böyük potensialı mövcuddur. Ölkə yeni enerji istiqamətlərinin inkişafı üzərində də çalışır. Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri və enerji infrastrukturunun müxtəlif komponentləri üzrə layihələr həyata keçirilir. Azərbaycan əldə etdiyi imkanları və nəticələri region ölkələri ilə bölüşməyə hazırdır.

“Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Ermənistana yönələn yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu addım Azərbaycanın siyasi iradəsinin göstəricisidir. Azərbaycan yalnız bəyanatlarla deyil, konkret addımlarla da öz mövqeyini nümayiş etdirir. Antonio Koştanın da fikirləri Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyətli aktor olduğunu göstərir. Ümumilikdə səsləndirilən fikirlər və keçirilən görüşlərin atmosferi onu deməyə əsas verir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərini yenidən qiymətləndirir və bu istiqamətdə müsbət addımlar atmaqda maraqlı və qətiyyətlidir. Azərbaycanın fəal xarici siyasəti ölkənin beynəlxalq sistemdə mühüm regional oyunçu kimi imkanlarını nümayiş etdirməsi üçün əlverişli şərait yaradır. Mürəkkəb və proqnozlaşdırılması çətin olan qlobal şəraitdə Avropa İttifaqı məhz belə tərəfdaşlarla əməkdaşlıqda maraqlıdır. Bu səbəbdən Antonio Koşta vurğulayır ki, qlobal sabitsizlik fonunda Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin gücləndirilməsi heç vaxt indiki qədər vacib olmayıb”, - deyə o əlavə edib.

 

Seçilən
14
1
azertag.az

2Mənbələr