AZ

Ekspert: WUF13 beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək

“Bakıda keçiriləcək WUF13 Dünya Şəhər Forumu şəhərsalma sahəsində qlobal səviyyədə müzakirələrin aparılacağı mühüm platforma olacaq".

Bu sözləri APA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin rəhbəri, əmlak eksperti Ramil Osmanlı deyib.

O, forumda müzakirə olunacaq mövzulara toxunub:

“Forumda əsas müzakirə mövzuları şəhərsalma siyasəti, şəhərlərin inkişafının planlaşdırılması, təhlükəsiz və dayanıqlı urbanizasiya, iqlim dəyişkənliyi, ağıllı şəhər eləcə də mənzil problemləri olacaq. Tədbirdə şəhərsalma sahəsində fəaliyyət göstərən çoxsaylı beynəlxalq ekspertlərin, dövlət qurumlarının nümayəndələrinin və müxtəlif təşkilatların iştirakı gözlənilir.

Yeni investisiyalar və beynəlxalq əməkdaşlıq üçün imkan

WUF13-ün Bakıda keçirilməsi həm yeni investisiya imkanlarının açılması, həm paytaxtın yenilənməsi, həm də şəhərsalma proqramlarının daha səmərəli şəkildə icra olunması baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda bu tədbir şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə də mühüm töhfə verəcək”.

Region üçün ilk dəfə: Cənubi Qafqaz və Mərkəzi Asiya diqqət mərkəzində

Ekspert qeyd edib ki, forumun “Şəhərsalma ili” çərçivəsində Azərbaycanda təşkil olunması təsadüfi deyil:

“WUF13 eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə keçiriləcək. Bu isə region ölkələri üçün yerli prioritetləri qlobal məqsədlərlə uzlaşdırmaq və regionun şəhərlərin gələcəyinin formalaşmasında rolunu artırmaq baxımından mühüm imkan yaradır. Bakıda təşkil olunacaq forum region şəhərlərində davamlı şəhərsalma fəaliyyətinin təşviqi və dayanıqlılığın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Bakı beynəlxalq standartlara uyğun müasir meqapolisə çevrilir

Ramil Osmanlı bildirib ki, belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkədə həyata keçirilən dövlət proqramlarının və inkişaf strategiyasının tərkib hissəsidir: "Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Prezidentin sərəncamı ilə “Memarlıq və Şəhərsalma ili” elan olunub. Bu çərçivədə bir sıra mühüm layihələr beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında həyata keçirilir.

Bakıda və ətraf ərazilərdə bir sıra böyük memarlıq layihələrinin təqdim olunacağı gözlənilir. Paytaxtın Avropa və beynəlxalq standartlara uyğun müasir meqapolisə çevrilməsi istiqamətində ardıcıl addımlar atılır və bu, dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Həyata keçirilən layihələrdə beynəlxalq standartlara uyğunlaşma ilə yanaşı, ekoloji baxımdan “yaşıl şəhər” modelinin formalaşdırılması və dayanıqlı şəhərsalma tədbirlərinin həyata keçirilməsi xüsusi diqqətdə saxlanılır. Bu yanaşma həm də beynəlxalq şəhərsalma layihələrinin əsas prioritetlərindən biri hesab olunur”.

Seçilən
62
1
apa.az

2Mənbələr