Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rolu olan ölkələrdəndir. Ölkəmiz qitədə etibarlı mavi yanacaq təchizatçısı kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycan Pan-Avropa qaz təchizatçısı imicini qazanıb.
Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində aparılan danışıqlar tərəflərin strateji tərəfdaşlığı dərinləşdirmək niyyətini bir daha təsdiqlədi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın ölkəmizə səfəri zamanı keçirilən görüşdə mətbuata birgə bəyanatla çıxış edərək tərəfdaşlığın, əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.
Dövlətimizin başçısı çıxışında tərəfdaşlığın mühüm hissəsinin hər zaman enerji sahəsində olduğunu və bundan sonra da birmənalı şəkildə belə olacağını qeyd edərək deyib: "Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə, biz dünyada boru kəməri ilə qazı təchiz edən birnömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır".
Ölkə başçısı çıxışı zamanı vurğulayıb ki, elə bu ayın əvvəlində, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir. Orada öz nitqimdə mən auditoriyanı məlumatlandırdım ki, biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində, - əgər hər şey cədvələ uyğun gedərsə, - bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq.
Bu gün Azərbaycan ilə Avropa arasında münasibətlər çoxşaxəli və dərin strateji məzmun daşıyır. Enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat dəhlizləri və yaşıl enerji kimi sahələrdə qurulan əməkdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə Avrasiya məkanının gələcəyinə təsir edən amillərdən biridir.
Azərbaycan artıq tək regionun deyil, Avropanın enerji təhlükəsizliyinin, nəqliyyat əlaqələrinin və geosiyasi sabitliyinin formalaşmasında mühüm rol oynayan strateji tərəfdaşdır. Bu tərəfdaşlıq isə təkcə bu günün deyil, gələcək onilliklərin də siyasi və iqtisadi gündəliyini müəyyən edəcək gücə malikdir.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini