AZ

Orta məktəbdən əmək bazarına: cəmiyyətin gələcəyini formalaşdıran strateji proses

Bu məqalə HR Option şirkətinin həmtəsisçisi və direktoru, biznes və karyera inkişafı üzrə ekspert Elgün Oruclu ilə aparılmış müsahibə əsasında hazırlanmışdır.

179487

Uzun illərdir gənclərin karyera yönləndirilməsi, əmək bazarının dinamikası və ixtisas seçimi prosesləri üzərində çalışan Elgün Oruclu orta məktəbdən əmək bazarına keçidin yalnız fərdi deyil, strateji səviyyədə cəmiyyətin gələcəyini müəyyənləşdirən bir mərhələ olduğunu vurğulayır.

İxtisas seçimi təkcə fərdi taleləri formalaşdırmır.

Müəllimlər və abituriyentlər üçün ən vacib məsələlərdən biri orta məktəbdə əldə olunan biliklərin düzgün istiqamətə yönləndirilməsidir. Bəzən emosional, təsadüfi və ya xarici təsirlər altında edilən ixtisas seçimi nəticəsində qəbul imtahanı balına əsaslanan yerləşdirmə prosesi hər zaman fərdin potensialı və maraqları ilə uyğun gəlmir.

Bu proses təkcə fərdi taleləri deyil, uzunmüddətli perspektivdə cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafını da formalaşdırır.

Düzgün yönləndirilmənin əhəmiyyəti

Orta məktəbdə aparılan yönləndirmə şagirdlərin gələcək peşə və ixtisas seçimində həlledici rol oynayır. Müəllimin fənni sevdirə bilməsi, tətbiq etdiyi metodika, ailə və sosial mühitin təsiri, media mənbələri və valideynlərin əmək bazarı haqqında məlumatlılıq səviyyəsi bu prosesə birbaşa təsir edir. Zaman keçdikcə yanlış yönləndirmə motivasiya itkisinə, peşə dəyişikliklərinə və əmək bazarında uyğunlaşma çətinliklərinə səbəb ola bilir, bir çox məzunun özünü tapmaq üçün əlavə təhsil və yeni bacarıqlar əldə etməsinə ehtiyac yaradır. Beləliklə, məsələ yalnız fərdi seçim səviyyəsində qalmır, ümumilikdə cəmiyyətin sosial savadlılığına, iqtisadi dayanıqlığına və əmək bazarında kadr balansına təsir edən strateji bir prosesə çevrilir, əmək bazarında ixtisaslaşmış kadr qıtlığı kritik həddə çatır.

Cəmiyyət və əmək bazarı: dəyişən prioritetlər

Sosial-iqtisadi tədqiqatlar göstərir ki, cəmiyyətlər təxminən hər 30 ildən bir əvvəlki nəsildən ciddi şəkildə fərqlənir. Azərbaycanın müstəqilliyinin ilk illərində dövlət idarəçiliyində çalışacaq, beynəlxalq əlaqələri və hüquqi bilikləri olan mütəxəssislərə ehtiyac daha çox idi. Məhz buna görə 1995–2005-ci illər arasında hüquq, jurnalistika və beynəlxalq münasibətlər kimi sahələrə maraq daha çox olmuşdur. 2010-cu il və sonrakı dövrdə iqtisadi inkişaf sürətləndikcə bank işi, mühasibatlıq, marketinq, insan resursları və biznes idarəetməsi istiqamətlərinə tələbat artmağa başladı. Elə bu tendensiyanın orta məktəblərə, ali təhsil ocaqlarına inteqrasiya edilməsi hədsiz əhəmiyyət daşıyır. Beynəlxalq təcrübədə bir sıra iri şirkətlər əmək bazarında baş verən dəyişikliklərə operativ uyğunlaşmaq və biznes effektivliyini qorumaq məqsədilə ali təhsil müəssisələri ilə sifariş əsaslı əməkdaşlıq modelləri formalaşdırmışdır. Bu əməkdaşlıq çərçivəsində şirkətlər uyğun kadr hazırlığını dəstəkləyir, beləliklə iqtisadi dayanıqlığın və rəqabət qabiliyyətinin qorunmasına çalışırlar. Təsadüfi deyil ki, hazırda Azərbaycanda da real biznes mühitinin nümayəndələri əmək bazarının aktiv iştirakçıları kimi ali təhsil müəssisələrində mühazirə və təlim proseslərinə cəlb olunurlar. Bu, təqdirəlayiq və müsbət bir dəyişiklik olmaqla yanaşı, sözügedən yanaşmanın sistemli ehtiyac və davamlı əməkdaşlıq ənənəsinə çevrilməsi daha səmərəli nəticələr verə bilər.

Karyera yönləndirmə modeli: HR Option təcrübəsi

Bu reallıqlar fonunda peşəkar karyera yönləndirmə xidmətlərinin rolu daha da artır. HR Option insan resursları inkişaf və təlim mərkəzi uzun illərdir yanlış yönləndirilmiş və ya öz potensialını müəyyənləşdirməkdə çətinlik çəkən gənclərlə işləyir. Müəssisəmizdə mütəmadi olaraq təşkil edilən “Karyera məsləhət günləri” vasitəsilə məzunlar və tələbələrlə fərdi görüşlər keçirilir, onların maraqları, bacarıqları və potensialı metodiki yanaşmalarla analiz edilir.

Təlim mərkəzimiz artıq 10 ilə yaxındır fəaliyyətdədir və bu müddət ərzində müşahidələrimiz onu göstərir ki, əmək bazarında böyük şirkətlər ehtiyacı olan işçiləri daha asanlıqla təmin edə bilirlər.

HR Option olaraq əməkdaşlıq etdiyimiz - Azərbaycan Dövlət Neft şirkəti (SOCAR), Veysəloğlu MMC, Avrora, Baku Steel Company kimi böyük qurumların əməkdaşlarının təlimlərə yönləndirilməsinə, təlim-inkişaf ehtiyaclarının qarşılanmasına xüsusi diqqət etdiklərini müşahidə edirik. Avropa praktikası onu deməyə əsas verir ki, bir ofis işçisi müəsissə tərəfindən il ərzində orta hesabla 10-12 təlimə yönləndirilir.  Sevindiricidir ki, bu tip müəsissələrin sayı ölkəmizdə də artma tendensiyasındadır.

Müasir dövr: dəyişən tələblərə cavab vermək

Texnologiyanın sürətli inkişafı əmək bazarında yeni tələblər formalaşdırmış və əmək bazarı sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur. HR Option bu dəyişiklikləri nəzərə alaraq proqramlarını mütəmadi yeniləyir və iştirakçılara süni intellekt alətləri ilə işləmək bacarıqları qazandırır. Bu yanaşma menecerlərin və mütəxəssislərin yeni tendensiyalara uyğunlaşmasını sürətləndirir və onların iş prosesində daha effektiv qərarlar qəbul etməsinə şərait yaradır.

Nəticə

Orta məktəbdə düzgün yönləndirmə, ixtisas seçimi və əmək bazarı ilə uyğunlaşma təkcə fərdi uğurun deyil, bütövlükdə cəmiyyətin gələcəyinin əsas şərtlərindən biridir. Müəllimlərin metodik yanaşması, valideynlərin dəstəyi, əmək bazarı haqqında məlumatlılıq və peşəkar karyera yönləndirmə xidmətləri bu prosesin düzgün qurulmasında həlledici rol oynayır.

Tövsiyə

Valideynlər, müəllimlər peşə seçimində daha diqqətli davranmalı, günün tendensiyası, gəlir səviyyəsi kimi amillərdən daha çox, müvafiq peşənin ehtimal olunan gələcək perespektivinə diqqət etməlidirlər.

Məzunlara tövsiyə ondan ibarətdir ki, ilk iş yeri seçimlərində maaşı arxa planda saxlasınlar və korporativ iş mühitinə məhz real iş etikasını anlamaq, hansı sahənin onlar üçün daha uyğun olduğunu analiz etmək məqsədi ilə giriş etsinlər.

Eyni zamanda həyata keçirilən könüllülük və təcrübə proqramları da var ki, sözsüz, bu fəaliyyət yeni məzun olanlar üçün özlərini inkişaf etdirmək adına əla fürsətdir.

Seçilən
12
1
azedu.az

2Mənbələr