AZ

Neft bazarının gələcək dinamikası Yaxın Şərqdəki hadisələrin gedişatından asılıdır

"Regionda baş verən gərgin hadisələr dünya enerji bazarına ciddi təsir göstərir. Xüsusilə Yaxın Şərqdə artan siyasi və hərbi gərginlik neftin qiymətinin yüksəlməsinə səbəb olub". 

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O qeyd edib ki, dünya üzrə gündəlik istehsal olunan neftin həcmi təxminən 100 milyon barel təşkil edir və bunun mühüm hissəsi məhz Yaxın Şərq  regionu ilə bağlıdır. Buna görə də bölgədə baş verən hər hansı risk və ya münaqişə bazarda qiymətlərin dərhal artmasına səbəb olur.

Deputat bildirib ki, hazırda dünya bazarında əsas göstərici sayılan "Brent" markalı neftin qiyməti 90-100 dollar civarında dəyişir: "Analitiklərin fikrincə, gərginlik davam edərsə, qiymətlərin daha da yüksəlməsi ehtimalı var. Azərbaycanın ixrac etdiyi əsas neft markası olan "Azeri Light" adətən dünya bazar qiymətlərinə uyğun satılır və bəzi hallarda "Brent"dən bir neçə dollar baha olur. Bu isə Azərbaycanın neft ixracından əldə etdiyi gəlirlərin artmasına müsbət təsir göstərir", - deyə o qeyd edib.

A.Hüseynov vurğulayıb ki, Azərbaycanın dövlət büdcəsi hesablanarkən neftin qiyməti daha ehtiyatla proqnozlaşdırılır: "Son illərdə büdcə hesablamalarında bir barel neftin qiyməti təxminən 60-65 dollar səviyyəsində nəzərdə tutulur. Buna görə də bazarda qiymət daha yüksək olduğu təqdirdə dövlət büdcəsinə əlavə gəlirlər daxil olur. Hesablamalara görə, neftin qiymətinin 10 dollar artması Azərbaycanın ixrac gəlirlərini təxminən 2-3 milyard dollar artıracaq. Ekspertlərin fikrincə, qiymətlərin artmasının nə qədər davam edəcəyi əsasən regiondakı vəziyyətdən asılıdır. Əgər gərginlik azalsa, neftin qiyməti yenidən 75-85 dollara enə bilər. Lakin risklər davam edərsə, qiymətlərin 100 dollar və daha yüksək səviyyədə qalması mümkündür".

Deputat qeyd edib ki, ümumilikdə, hazırkı bahalaşma əsasən geosiyasi risklərlə bağlıdır və bazarın gələcək dinamikası regionda baş verən hadisələrin inkişafından asılı olacaq.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr