Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Məhəmməd Məlikovun (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktına əsasən, Məhəmməd Məmmədov 06 dekabr 2024-cü il tarixdə, saat 13 radələrində bacısı, zərərçəkmiş A.M.-in kassir işlədiyi Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən marketə gəlib. Lakin bacısını iş yerində görmədiyindən onun mobil telefon nömrəsinə zəng edərək harada olduğunu soruşub.
A.M. həmin vaxt gözəllik salonunda olduğunu bildirdikdə, təqsirləndirilən şəxs telefon vasitəsilə onun lokasiyasını göndərməsini tələb edib. Daha sonra Məhəmməd idarə etdiyi “VAZ-2108” markalı avtomobillə göstərilən ünvana gedərək bacısını götürüb və icazəsiz şəkildə gözəllik salonuna getdiyi üçün ona iradını bildirib.
Bundan sonra o, avtomobillə bacısını yaşadıqları mənzilə gətirib. Təqsirləndirilən şəxs mənzilə qalxaraq mətbəxdən bıçaq götürüb və onu gödəkçəsinin cibinə qoyaraq yenidən maşında gözləyən bacısının yanına qayıdıb. O, avtomobili idarə edərək Bakı şəhəri, Xətai rayonu, Zığ yolu istiqamətində hərəkət edib və binanın arxa hissəsində maşını saxlayıb, A.M-i düşürüb. Həmin vaxt Məhəmməd bacısına icazəsiz gözəllik salonuna getməsini özünə qarşı hörmətsizlik kimi qiymətləndirdiyini bildirərək irad tutub. Bu zəmində tərəflər arasında mübahisə yaranıb.
Həmin gün saat 16:30 radələrində təqsirləndirilən şəxs qısqanclıq zəminində bacısını qəsdən öldürmək məqsədilə bıçaqla zərərçəkmişə çoxsaylı bıçaq zərbələri endirib. Hadisə nəticəsində A.M.-in qarın və döş qəfəsi nahiyələrinə nüfuz edən ağır xəsarətlər yetirilib. Tibbi sənədlərə əsasən, zərərçəkmiş şəxs ağciyərin, ürəyin, dalağın və mədənin travmaları, qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaralar, daxili qanaxma və ağır hemorragik şok kimi həyat üçün təhlükəli xəsarətlər alıb.
Zərərçəkmiş şəxsə təcili tibbi müdaxilə olunub. Ona perikardiotomiya, diafraqma cırılmasının tikilməsi, dalağın cərrahi yolla çıxarılması (splenktomiya), mədənin cırılmasının tikilməsi və digər ağır cərrahi əməliyyatlar aparılıb.
İstintaq materiallarına görə, təqsirləndirilən şəxs vurduğu bıçaq zərbələri nəticəsində bacısının öldüyünü zənn edərək hərəkətlərini dayandırıb. Lakin hadisə yerində olan şəxslərin polisə məlumat verməsi və çağırılmış təcili tibbi yardım briqadasının zərərçəkmiş şəxsi vaxtında tibb müəssisəsinə çatdıraraq ixtisaslı tibbi yardım göstərməsi nəticəsində onun həyatı xilas olunub.
Beləliklə, Məhəmməd öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyib və A.M.-i xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməkdə ittiham olunub.
Məhkəmə araşdırmaları zamanı təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə – yəni xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd ittihamı üzrə dindirilib.
Məhkəmə iclasında Məhəmməd Məlikov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
O, ifadəsində bildirib ki, hadisə baş verən gün bacısı A.M. işlədiyi mağazaya gedərək onu axtarıb. Lakin mağazanın əməkdaşları A.M.-in həmin gün işə gəlmədiyini və istirahət günü olduğunu deyiblər. Bundan sonra Məhəmməd bacısına zəng edərək harada olduğunu soruşub və onu avtomobillə götürmək istədiyini deyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, A.M. ona telefon vasitəsilə lokasiya göndərib. Lakin Məhəmməd təxminən bir saata yaxın müddətdə göstərilən ünvanı axtarmasına baxmayaraq bacısını həmin yerdə tapa bilməyib. Bu səbəbdən o, yenidən A.M. ilə əlaqə saxlayaraq lokasiyanı təkrar göndərməsini istəyib və təxminən 15 dəqiqə sonra onun olduğu ünvana çatıb.
Məhəmməd söyləyib ki, A.M-in olduğu yerə gedərkən idarə etdiyi avtomobilin həm ön, həm də arxa hissəsini vurub. Bu hadisə onun çox əsəbiləşməsinə səbəb olub. Həmin vaxt A.M. gözəllik salonunda olub. O, bacısını salondan götürdükdən sonra birlikdə avtomobillə evə tərəf yollanıblar.
Təqsirləndirilən şəxs qeyd edib ki, yol gedərkən piyada keçidində olan bir şəxsi az qala vuracaqdı və bu hadisə onun əsəbini daha da artırıb. Onun sözlərinə görə, evə çatdıqda A.M. evə qalxmağı təklif etsə də, o, əvvəlcə aşağıda söhbət etməli olduqlarını bildirib.
Məhəmməd bacısına bu cür davranışın ona qarşı hörmətsizlik olduğunu dediyini, A.M.-in isə üzr istədiyini deyib. Bundan sonra o, evə qalxaraq mətbəxdən bıçaq götürdüyünü və yenidən aşağı düşərək bacısının yanına qayıtdığını bildirib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bacısını bıçaqla vurduğu anı dəqiq xatırlamır. Məhəmməd qeyd edib ki, bıçağı avtomobilin ön hissəsinə qoymaqda məqsədi A.M.-i qorxutmaq və gələcəkdə ona qarşı belə hörmətsizlik etməməsi üçün onu çəkindirmək olub.
O deyib ki, bir müddət sonra ayılanda A.M-in yerdə uzandığını, özünün isə əlini başına tutaraq yerdə oturduğunu görüb.
Məhkəmə iclasında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, A.M. ilə birlikdə evə qalxmamasının səbəbi telefonlarından birini internetə qoşaraq baş verən hadisə barədə valideynlərinə məlumat vermək istəməsi olub. O etiraf edib ki, evə qalxarkən mətbəxdən bıçaq götürüb və məqsədinin bacısını qorxutmaq olduğunu düşünürdü.
Təqsirləndirilən şəxs qeyd edib ki, A.M. ilə evdə deyil, həyətdə mübahisə etməsinin səbəbi mübahisənin qonşular tərəfindən eşidilməsini istəməməsi olub. Onun sözlərinə görə, əvvəllər də evdə mübahisə etdikləri hallar olub.
Məhəmməd bacısını niyə evə aparmadığını izah edəcək konkret səbəb göstərə bilmədiyini deyib. Həmçinin qeyd edib ki, A.M.-i bıçaqla vurarkən özündə olmadığını və vurduğu zərbələrin ölümcül ola biləcəyini həmin anda dərk etmədiyini söyləyib.
Təqsirləndirilən şəxs A.M.-i neçə dəfə bıçaq zərbəsi endirdiyini xatırlamadığını, bıçaqla bir neçə dəfə kiməsə zərbə vurduqda onun ölə biləcəyini ümumilikdə anladığını, lakin hadisə zamanı özünü idarə edə bilmədiyini deyib.
O həmçinin vurmanı necə və hansı səbəbdən dayandırdığını xatırlamadığını, bıçağı avtomobilin ön hissəsinə qoyduqdan sonra A.M-in qaçdığını gördüyünü deyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün baş verən hadisələrin əksər hissəsini xatırlasa da, bıçaqlama anını xatırlamamasını həmin vaxt keçirdiyi güclü emosional vəziyyətlə əlaqələndirir.
Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov