AZ

İsveç meşələri 25 ildən sonra yox ola bilər

Stokholm, 13 mart, AZƏRTAC

İsveçdə qiymətli təbii meşələrin qırılma sürəti son illərdə kəskin şəkildə artıb.

AZƏRTAC xəbər verir ki, İsveç Meşə İdarəsinin yeni hesabatına görə, əgər mövcud tendensiya davam edərsə, qorunmayan meşələr 25 il ərzində yox ola bilər. Hazırda hər gün təxminən 100 futbol meydançasına bərabər təbii meşə məhv olur.

Agentliyin məlumatına görə, bu cür meşələr 2022-ci ildəki 6 min hektara qədər azalırdısa hazırda 26 min hektara çatıb. Bu ərazilər biomüxtəlifliyin və nadir növlərin yaşayış yerlərinin qorunması üçün çox böyük əhəmiyyət kəsb edir.

Hazırda təxminən 1,2 milyon hektar təbii meşədə heç bir qorunma forması yoxdur. Əgər tendensiya davam edərsə, 25 ildən sonra 670 min hektardan çox ərazi məhv edilə bilər.

Ekspertlər xəbərdarlıq edirlər ki, itirilmiş təbii meşələri tez bir zamanda bərpa etmək mümkün deyil. Bu cür ekosistemlərin formalaşması yüz illər çəkir, yeni ağacların əkilməsi isə köhnə təbii meşələri tamamilə əvəz edə bilmir.

Eyni zamanda, meşə təsərrüfatı sənayesi ölkədə qırılandan daha çox ağac əkildiyini iddia edir. Lakin mütəxəssislər qeyd edirlər ki, söhbət fərqli meşə növlərindən gedir. Köhnə təsərrüfat meşələrinin sahəsi arta bilər, əsl təbii meşələr isə azalmağa davam edir.

Hesabatın müəllifləri həmçinin elmi qiymətləndirmələrlə dövlətin təbiəti mühafizə siyasəti arasındakı boşluğa da diqqət çəkirlər. Onların fikrincə, biomüxtəlifliyi qorumaq üçün qorunan və ya bərpa olunan meşələrin sahəsinin əhəmiyyətli dərəcədə artırılmalıdır.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Seçilən
23
1
azertag.az

2Mənbələr