Çinin xarici işlər naziri Vanq Yi ABŞ və İsrailin İrana hücumları, eləcə də İranın cavab tədbirləri nəticəsində Yaxın Şərqdə artan gərginliyin qarşısını almaq üçün hərbi əməliyyatların dayandırılmasına çağırıb.
Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Vanq Yi misirli həmkarı Bədr Əbdül Fəttahla telefon danışığı aparıb.
Danışıq zamanı Vanq təcili atəşkəsin beynəlxalq ictimaiyyətin ümumi gözləntisi olduğunu vurğulayıb. O bildirib ki, “Bütün ölkələr Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün müharibə edən tərəfləri hərbi əməliyyatlara ‘dayandır’ düyməsini basmağa çağırmalıdır”.
Vanq qeyd edib ki, Çin və Misir məsuliyyətli ölkələr kimi güc tətbiqinə qarşıdır və regional problemlərin dialoq və məsləhətləşmə yolu ilə həll edilməsinin tərəfdarıdır. O əlavə edib: “Yaxın Şərqdə uzunmüddətli münaqişə yerli əhaliyə daha çox əziyyət gətirəcək, regional iqtisadiyyata ciddi mənfi təsir göstərəcək və beynəlxalq, eləcə də regional təhlükəsizliyə və sabitliyə daha böyük zərər vuracaq”.
Aytən Yaşar/ Turkustan.az