AZ

İran zəifləsə, regionda din balansı belə dəyişə bilər ŞƏRH

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın regional təsirinin zəifləməsi Yaxın Şərq və Cənubi Qafqazda dini və məzhəbi balansın dəyişməsi ehtimalını gündəmə gətirir. Bu vəziyyət məzhəblərarası dialoq və təsir mərkəzlərinin rolunu yenidən formalaşdıra, müəyyən ölkələrdə dini nüfuz mərkəzlərinin gücünü artırıb-azalda bilər. Eyni zamanda, İslam dünyasında müxtəlif məzhəblər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq imkanlarını da təsir edə bilər.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, son müharibə və əməliyyatlar fonunda müşahidə olunur ki, məzhəblərarası yaxınlaşma artır və bu, o dərəcədə açıqdır ki, hətta Türkiyə, Azərbaycan və digər müsəlman ölkələrində mövzunu məzhəbçiliklə əlaqələndirənlər tənqid olunur. 

"Məsələn, İran İslam Respublikasının son müdafiə və hücum əməliyyatlarını məzhəbçilik prizmasından qiymətləndirən insanlar artıq həmçinin müxtəlif məzhəblərin nümayəndələri tərəfindən tənqid olunur və bəzən sosial olaraq kənarlaşdırılırlar. Bunun səbəbi odur ki, bir çox mif və yanlış təsəvvürlər artıq üzə çıxıb. Məsələn, Türkiyədə uzun illər boyu şiəlik sünniliklə müqayisədə mənfi şəkildə təqdim olunub, əhli-sünnə müqəddəsləri şiələr tərəfindən təhqir olunmuş kimi qələmə verilib. Bu, bütün cəmiyyət tərəfindən deyil, lakin müəyyən məscid rəhbərləri və dini nümayəndələr tərəfindən illərlə təbliğ edilib. Amma hazırda müşahidələr göstərir ki, vəziyyət fərqlidir. İran və digər müsəlman ölkələrində əhli-sünnə məscidləri, mədrəsələri və təşkilatları azad şəkildə fəaliyyət göstərir. Sünni müqəddəslərin təhqir edilməsi doğru deyil və müştəizlər, fəqihlər dəfələrlə bunu haram saydıqlarını açıqlayıblar".İlahiyyatçı bildirib ki, əlavə olaraq, bəlli olur ki, bəzi xarici ölkələr və təşkilatlar müsəlmanlar arasında nifrət toxumu səpmək üçün məzhəb fərqlərini alət kimi istifadə ediblər. "Bunun nəticəsi olaraq bəzi insanlar məzhəbini dəyişə bilər, lakin bu, kütləvi hal deyil. Ümumiyyətlə, İslam ümumiyyətlidir və fərqli məzhəblər yalnız reallıq olaraq mövcuddur; əsas odur ki, tolerantlıq hökm sürsün və insanlar bir-birinə qarşı hörmətli olsun. Hətta eyni məzhəbin içində də fərqli düşüncələr mövcuddur. Məsələn, şiə məzhəbində siqaretin haram və ya məkruh hesab edilməsi kimi fərqli fikirlər var. Qurani-Kərim də 1400 il öncə ixtilafın olacağını vurğulayıb. Sünnilərin içində də məsələn, qəbirləri ziyarət etmə və təvəssül kimi mövzularda fərqli yanaşmalar mövcuddur. Beləliklə, bu illər ərzində mövzu şişirdilərək insanlar arasında düşmənçilik yaradılıb. Müsəlmanlar arasında müharibə və qarşıdurmalar baş verib ki, bunlar tənqid olunmalı və gələcəkdə qarşısı alınmalıdır. Azərbaycan bu baxımdan nümunəvidir. Burada insanlar fərqli fikirlərə hörmətlə yanaşır, radikalizmə qarşı dövlət tədbirlər görür və ümumiyyətlə cəmiyyət tolerantlıqla seçilir".Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
demokrat.az

1Mənbələr