AZ

Əlini başına qoydu və... Tarix boyu müxtəlif ölkələrdə belə “möcüzə sahibləri” ortaya çıxıb

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Sosial şəbəkələrdə yayılan bir video yenidən köhnə bir sualı gündəmə gətirdi. İnsan niyə möcüzəyə inanmaq istəyir?

Videoda Özbəkistandan olduğu bildirilən bir “həkim” görünür. O, xəstənin başına əlini qoyur, bir neçə saniyə gözləyir və sonra xəstənin vəziyyətinin yaxşılaşdığını bildirir. Kadrlarda isə daha maraqlı bir mənzərə var. İnsanlar bu “müalicə” üçün növbəyə dayanıb. Tibbin bu qədər inkişaf etdiyi bir dövrdə belə görüntülər bəzilərini təəccübləndirir. Amma əslində bu hadisə yeni deyil. Sadəcə forması dəyişir, mahiyyəti yox. Çünki insanın ən zəif anı xəstə olduğu andır. Həkimlərin çarə tapa bilmədiyi, müalicənin uzun sürdüyü və ya ümidsizlik yarandığı vaxtlarda insanlar alternativ yollar axtarmağa başlayır. Və həmin anda kimsə çıxıb “mən sizi sağalda bilərəm” deyəndə, çoxları bunu son ümid kimi qəbul edir.

Burada məsələ təkcə bir şəxsin başa əl qoyması deyil. Məsələ ondan ibarətdir ki, elmi əsas olmadan təqdim olunan belə “müalicələr” cəmiyyət üçün təhlükəli ola bilər. Çünki insanlar bəzən real tibbi müalicəni yarımçıq qoyaraq belə üsullara üz tuturlar. Digər tərəfdən sosial şəbəkələr də bu prosesə ciddi təsir göstərir. Bir video paylaşılır, altına “möcüzə”, “enerji ilə müalicə”, “bir dəqiqəyə sağaldı” kimi şərhlər yazılır və qısa müddətdə yüzlərlə insan buna inanmağa başlayır. Halbuki videoda görünən hər şey reallığın tam təsviri olmaya bilər.

Əslində tibbin ən böyük üstünlüyü möcüzə vəd etməməsidir. Elm addım-addım işləyir, araşdırır, sübut edir və yalnız bundan sonra nəticə təqdim edir. Möcüzə isə sübuta ehtiyac duymur və sadəcə inanmağı tələb edir. Bəlkə də problem təkcə belə “müalicəçilərin” ortaya çıxmasında deyil. Problem həm də insanların elmə olan etibarının bəzən zəifləməsindədir. Çünki insan həqiqətən güvəndiyi sistemdən asanlıqla üz döndərməz.

Əlini başına qoyub kimisə sağaltmaq iddiası yeni fikir deyil. Tarix boyu müxtəlif ölkələrdə belə “möcüzə sahibləri” ortaya çıxıb. Bəzən bir cəmiyyətin tibbi səviyyəsini xəstəxanaların sayı ilə yox, insanların möcüzəyə nə qədər inanması ilə ölçmək olur. Və görünür, bu mövzuda hələ danışılacaq çox şey var.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
bizimyol.info

1Mənbələr