AZ

Bacısından qisas almaq üçün özünə zərər verdi və cəzalandırıldı

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Füzuli rayonunun Zobucuq qəsəbəsində yaşayan 33 yaşlı bacısından qisas almaq məqsədilə özünə xəsarət yetirib. Solmaz Rüstəmova özünü qarın nahiyəsindən bıçaqlayaraq, bacısını və onun rəfiqəsini bu cinayəti törətmiş şəxslər kimi təqdim edib.

Bizimyol.info xəbər verir ki, Solmaz Rüstəmova bıçaqlanmasına görə başqalarını ittiham etsə də, hadisədən bir müddət sonra onun özü buna görə cinayət məsuliyyətinə cəlb olunub. Füzuli rayon prokurorunun qərarı ilə Cinayət Məcəlləsinin 296.1 (cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə) maddəsi ilə cinayət işi başlanıb. Onun cinayət törətməkdə ittiham etdiyi bacısı Gülnisə və bacısının rəfiqəsi Gülnarə isə əksinə, zərərçəkmiş qismində tanınıb. Solmaz Rüstəmova bu əməlinə görə bir gün saxlanılsa da, sonradan azad edilib. İstintaq və məhkəmə gedən müddətdə də azadlıqda olub – onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

1993-cü il təvəllüdlü Solmaz Rüstəmova sonradan ifadəsində bacısına və onun rəfiqəsinə böhtan atdığını etiraf edib, bu əməlindən peşman olduğunu bildirib. Bu hərəkətini isə bacısı Gülnisə ilə münasibətlərinin pis olması ilə izah edib. Solmaz Rüstəmovanın sözlərinə görə, Gülnarə uzaq qohumları olmasına baxmayaraq, Gülnisə onunla dostluq edir: “Mənimlə isə ümumiyyətlə, münasibət saxlamır”.

O, hesab edir ki, bacısı ilə aralarındakı soyuq münasibətlərin yaranmasında Gülnarənin də rolu var.

O, hadisə günü bacısı Gülnisənin yaşadığı evdə bıçaqla özünə xəsarət yetirib. Həmin vaxt bacısı və onun qızı Günel də orada olub. O, özünü baçıqladıqdan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Təcili Tibbi Yardıma zəng edib. Polisə məlumat verərkən bildirib ki, onu bacısının rəfiqəsi Gülnarə bıçaqlayıb. Solmaz Rüstəmovanı Füzuli Rayon Mərkəzi Xəstəxanasında əməliyyat ediblər. Bir müddət sonra isə fikrini dəyişərək, onu Gülnarə yox, bacısı Gülnisənin bıçaqlaması barədə ifadə verib.

Zərərçəkmiş qismində ifadə verən Gülnisə bildirib ki, bacısı ilə aralarındakı soyuqluğun səbəbi evlə bağlıdır. Onun sözlərinə görə, ata-anası vəfat edəndən sonra həmin evdə yaşayır. Bacısı da bu evə iddialıdır: “2019-cu ildən o evdə yaşayıram. Solmaz uzun müddətdir ki, məni oradan çıxarıb özü yaşamaq istəyir. Bununla bağlı aramızda dəfələrlə ciddi münaqişələr olub”.

Hadisə günü baş verənlərə gəlincə, Gülnisə bildirib ki, həmin gün evdə olmayıblar. Bacısı zəng eləyib deyib ki, evinin qarşısındadır və evi yandıracaq: “İki oğlumu o biri bacımgildə qoyub, Güneli də götürüb taksi ilə təxminən 20 dəqiqəyə evə çatdım. Mən çatanda Solmaz evin həyətində idi. Amma mən çatana qədər evin pəncərəsini daşla sındırıb, pəncərədən evə girmişdi. Mətbəxtdə qazı açıq qoymuşdu. Mən qapını açarla açıb Günellə birlikdə evə girdim. Solmaz tələb elədi ki, evdən çıxım, yoxsa evi yandıracaq. Dedim ki, çıxmayacağam. Bundan sonra Solmaz çantasından bıçağı çıxardı və köynəyini qaldırıb qarnına sancdı. Bıçaq qarnında qala-qala polisə zəng elədi və Gülnarənin onu bıçaqladığını xəbər verdi”.

Məhkəmənin hökmü ilə Solmaz Rüstəmova Cinayət Məcəlləsinin 296.1 maddəsilə təqsirli bilinib və ona 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Bu müddətdə o, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşadığı evdən çıxmamalı, üzərində elektron nəzarət vasitəsi (elektron qolbaq) gəzdirməlidir. Həmçinin o, 2 il ərzində Füzuli rayonunun inzibati ərazisini tərk edə bilməz.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
bizimyol.info

1Mənbələr