AZ

Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır

Əmək bazarında innovativ yanaşmaların genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq xidmətlərində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə gələcəkdə məşğulluq bazarına uyğun tövsiyə sisteminin yaradılması nəzərdə tutulur: "Planlaşdırılan sistem vətəndaşın təhsil səviyyəsini, iş təcrübəsini, bacarıqlarını və maraqlarını nəzərə alaraq ona uyğun vakansiya təkliflərini avtomatik şəkildə təqdim edəcək. Sistemin işləmə mexanizminə əsasən istifadəçinin şəxsi anket məlumatları, bacarıq siyahısı və əvvəlki iş təcrübəsi sistemə daxil ediləcək. Süni intellekt modeli həmin məlumatları mövcud vakansiya bazası ilə müqayisə edərək uyğunluq göstəricisini hesablayacaq. Aparılan təhlillər nəticəsində vətəndaşlara ən uyğun və yaxın vakansiyalar tövsiyə ediləcək, məsələn, “Sizə uyğun ola biləcək 5 vakansiya” kimi seçimlər təqdim olunacaq".

Qeyd edilib ki, bu tətbiqin gələcəkdə iş axtaran vətəndaşların əmək bazarında daha düzgün istiqamətləndirilməsinə, vakansiyalara çıxış imkanlarının genişlənməsinə və məşğulluq xidmətlərinin səmərəliliyinin artırılmasına xidmət etməsi gözlənilir. Eyni zamanda sistem işəgötürənlər üçün uyğun namizədlərin daha operativ müəyyənləşdirilməsinə dəstək verəcək və işaxtaranları onların bilik və bacarıqlarına uyğun vakansiyalara yönləndirəcək.

Seçilən
49
15
fed.az

10Mənbələr