Bakı, 12 mart, AZƏRTAC
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də regionda sülh və əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər hazırda müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsindədir. 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, bu fakt Avropa İttifaqının Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşı olduğunu bir daha təsdiqləyir: “İqtisadi əlaqələrin dərinləşməsi fonunda qarşılıqlı investisiya imkanlarının genişlənməsi də diqqət çəkir. Azərbaycan yalnız Avropadan investisiyalar qəbul edən tərəf deyil, eyni zamanda, Avropa ölkələrində fəal şəkildə sərmayə yatıran tərəfdaşdır. Bu, münasibətlərin qarşılıqlı etimada və uzunmüddətli iqtisadi maraqlara əsaslandığını göstərir. Azərbaycan-Avropa İttifaqı münasibətlərində enerji əməkdaşlığı xüsusi yer tutur. 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu bu sahədə əməkdaşlığın yeni mərhələsini formalaşdırıb. Həmin sənədin imzalanmasından sonra Azərbaycanın Avropaya qaz ixracının həcmi və coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur və ümumilikdə 16 ölkə Azərbaycanın boru kəmərləri vasitəsilə ixrac etdiyi qazı alır. Bu göstərici Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rolu daha da gücləndirir. Bu göstəriciyə görə Azərbaycan dünyada boru kəmərləri ilə qaz təchizatını ən geniş coğrafiyaya həyata keçirən ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan yaxın illərdə qaz hasilatını artırmağı planlaşdırır. Yeni yataqlardan hasilatın başlanması nəticəsində növbəti iki-üç il ərzində mövcud həcmlə müqayisədə azı 10 milyard kubmetr əlavə qazın hasil olunacağı gözlənilir. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artıracaq. Enerji sahəsində əməkdaşlıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır”.
Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycanın coğrafi və iqlim şəraiti külək və günəş enerjisinin inkişafı üçün geniş imkanlar yaradır: “Ölkədə ildə 300-dən çox günəşli gün müşahidə olunur ki, bu da alternativ enerji layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın strateji planına əsasən, növbəti beş-altı il ərzində ixraca hazır olan 6-8 giqavat gücündə bərpaolunan enerji istehsalının təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə Avropa tərəfdaşları ilə yeni ötürmə xətləri, dəniz dibi ilə gedən enerji kabelləri və digər infrastruktur layihələri üzərində intensiv iş aparılır. Bu layihələr Azərbaycanın Avropanın yaşıl enerji təhlükəsizliyinə töhfə verən mühüm tərəfdaş kimi rolunu daha da möhkəmləndirəcək. Prezident çıxışında regionda yaranmış yeni siyasi reallıqlara da toxundu. Azərbaycan cəmi yeddi aydır ki, sülh şəraitində yaşayır. Ermənistanla paraflanmış sülh sazişi regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına zəmin yaradır. Sülh gündəliyinin əsas istiqamətlərindən biri də nəqliyyat və logistika əlaqələrinin bərpasıdır. Orta Dəhlizin genişlənməsi və regional nəqliyyat layihələrinin reallaşması həm Azərbaycan, həm də Avropa üçün yeni iqtisadi imkanlar yaradır. Azərbaycan artıq Ermənistanla iqtisadi münasibətlərin bərpası istiqamətində real addımlar atıb. Ermənistana mühüm neft məhsullarının təchizatına başlanılması və Azərbaycan ərazisindən Ermənistana yönələn tranzit yüklər üçün bütün məhdudiyyətlərin aradan qaldırılması bunun bariz nümunəsidir. Bu addımlar Azərbaycanın sülh prosesinə səmimi və konstruktiv yanaşmasının göstəricisi kimi qiymətləndirilir.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi mesajlar göstərir ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə qədəm qoyur. Enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət və investisiya əməkdaşlığı, eləcə də regionda sülh və sabitliyin möhkəmləndirilməsi bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Bütün bu amillər onu deməyə əsas verir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaş, region üçün isə sabitlik və əməkdaşlıq mərkəzi kimi öz mövqeyini daha da möhkəmləndirir”.