Futbol üzrə İsveç milli komandasında fəaliyyətinə yeni başlayan baş məşqçi Qrem Potter cəmi iki oyundan sonra müqaviləsini 2030-cu ilə qədər yeniləyib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı İsveç Futbol Assosiasiyasının mətbuat xidməti yayıb.
"Çelsi" və "Vest Hem" kimi klublardakı fəaliyyəti ilə tanınan mütəxəssis 2025-ci ilin oktyabr ayında İsveç yığmasının sükanı arxasına keçib. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın seçmə mərhələsində İsveçrəyə böyük hesabla (1:4) uduzub və Sloveniya ilə sülhə (1:1) razılaşıb.
Seçmə mərhələdə B qrupunu dördüncü pillədə başa vurmasına baxmayaraq, İsveç yığması Millətlər Liqasının verdiyi şans sayəsində növbəti mərhələyə yüksəlməyi bacarıb.
Komandanın qarşıdakı sınağı martın 26-da Ukrayna seçməsinə qarşı olacaq. İsveçlilər bu görüşdən qalib ayrılacaqları təqdirdə 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq uğrunda Polşa-Albaniya cütünün qalibi ilə həlledici matça çıxacaqlar.
Xatırladaq ki, Qrem Potter İsveç futboluna yad deyil. O, 2011-18-ci illərdə "Östersund" klubunu çalışdıraraq komandanı dördüncü diviziondan elita səviyyəsinə qədər yüksəldib və 2017-ci ildə ölkə kubokunun qalibi edib.