AZ

Dörd temperament - bir ordu: psixoloji tarazlığın əhəmiyyəti

Bakı, 12 mart, AZƏRTAC

Ordu psixoloqları hər bir hərbi qulluqçunun fərdi psixoloji xüsusiyyətlərini öyrənirlər. Öyrənmə zamanı onların psixoloji dayanıqlığı, ekstremal şəraitlərdə qərar qəbuletmə və digər bir neçə vacib psixoloji xüsusiyyətlərini müəyyən edirlər. Burada hər fərd düşdüyü müxtəlif vəziyyətlərə görə müxtəlif reaksiya verir, ətraf mühiti fərdi bacarıqlarına görə qavrayır.

AZƏRTAC xəbər verir ki, bu barədə hərbçi-psixoloq Amil Məhərrəmoğlunun məqaləsində bəhs olunur.

Hərbçilərin duyğu və qavrayışı geniş mövzu olsa da, məqalədə bu ən qısa şəkildə nəzərdən keçirilib. Məqalədə bildirilir:

- Duyğu və qavrayış nədir? Qısa dillə desək, daxili və xarici təsirlərə qarşı psixoloji reaksiyalar duyğu, ətrafda baş verənləri hisslər vasitəsi ilə dərk etmək isə qavrayış adlanır.

Hərbçi peşəsi yüksək daxili intizam tələb edir. Maraq sahəsinin məhdudluğu öz növbəsində monoton və standartlıq yaradır. Çərçivələnmiş sosial həyat hərbçidə müəyyən psixi yüklənmələr əmələ gətirə bilir. Belə olan təqdirdə hərbçinin şəxsi fərdi xüsusiyyətləri ona gündəlik fəaliyyətini təmin etməkdə yardımçı olur.

Aparılan araşdırmalar göstərir ki, yüksək məsuliyyət tələb edən, başqalarının məsuliyyətini daşıyan peşə sahiblərinin özünəməxsus xüsusiyyətləri var. Həmin xüsusiyyətlərə fədakarlıq, özünəinam, həyatsevərlik, başqalarına qarşı məsuliyyət və insansevərlik kimi müsbət hisslər daxildir.

Hərbçi olaraq ixtisaslar və peşədaxili istiqamətlər necə təyin edilməlidir? Fərdi-psixoloji xüsusiyyət olan temperament hisslərin nisbətidir. Bir insanda dörd temperament tipinin hamısı mövcuddur. Lakin nisbət fərqi ilə biri özünü daha qabarıq göstərir. Həmin irəli çıxan tip şəxsin əsas xüsusiyyətlərini ifadə edir. Hərbi psixologiyada zabit və əsgər heyəti üçün peşə psixoloji seçim sahəsi nəzərdə tutulub. Həmin sahə hərbçilərin fərdi-psixoloji xüsusiyyətlərini öyrənərək, onların gələcəkdə hansı ixtisas üzrə daha faydalı olacağını müəyyən etməkdə yardımçı olur.

Sanqviniklər pozitiv, motivasiyalı, təsir qabiliyyətli, komanda ruhlu olanlardır. Pozitiv və motivasiyaedici qabiliyyətlər onlarda gərgin anlarda ortalığı yumşaltmağa kömək edir. Komanda ruhlu və təsir qabiliyyətli olmaları qrup halında işləri yerinə yetirərkən ətrafda olanlara daim enerji bəxş edir. Daxilən şən əhvali-ruhiyyəni yanındakılara asanlıqla ötürə bilir, maraq sahələri geniş, lakin qeyri-sabitdir. Belələri haqında “diqqətcildir”, "gözündən heç nə qaçmır" deyimi daha çox yerinə düşür. Bununla yanaşı, diqqətin yayınması, bir neçə sahəyə diqqətini paylamaq texnikası onlarda yaxşı alınır. Uzun müddət fokuslanmaq, bir işi sona çatdırmadan bitirmək kimi özlərinin də xoşlarına gəlməyən adətə sahibdirlər. Çox təəssüflənmək, ah-vay etmək onlara uyğun deyil. Uzunmüddətli fokuslanma, dəqiqlik tələb edən, oturaq, təklikdə görüləcək işlər sanqviniklərdən uzaqdır. Hərbçi peşəsində təlim-tərbiyə, informasiya, hərəkətlilik və ünsiyyət tələb edən ixtisaslara cəlb edilməsi məqsədəuyğundur. Onlar, adətən, 1-ci şəxs olmaq istəmirlər. Orduda peşə-psixoloji seçimi həyata keçirərkən komandir müavinləri, ictimaiyyətlə əlaqələr, təlim-tədris, eləcə də təyyarəçilik sahələrinə yönləndirilmələri daha effektiv nəticələrə yol açır. Çünki həmin temperament tiplərinin enerjili olmaları ilə yanaşı, bioloji olaraq nitq qabiliyyəti yaxşı inkişaf etmişdir. İstənilən qrupda bir sanqvinik hərbçinin olması bəs edir ki, kollektivin əhvali-ruhiyyəsini yüksək həddə saxlasın.

Melanxoliklər sanqviniklərlə əks qütblüdür desək, yanılmarıq. Onlar yaradıcı təfəkkürlü olub dərin düşüncəyə sahib olurlar. İşlərinə vicdanlı və məsuliyyətli yanaşırlar. Hərbi həyatın monotonluğu və rəngsizliyindən sıxılan ən sonuncu tiplərdir. İntrovert və depressivdirlər. Passiv görünür, səssiz, dəqiq və məsuliyyətlidirlər. Utancaq olduqlarına görə yoldaşlarından geri qalırlar. Bəzən o qədər səssiz və astagəl olurlar ki, varlıqları belə "yaddan çıxır". Bütün bunlarla yanaşı, rəqəmsal zəkaları yaxşı inkişaf edib. Az ünsiyyətə meyilli olub, münasibəti olanlara qarşı fədakar yanaşırlar. Neyrofizioloji xüsusiyyətlərini nəzərə almaqla hərbi peşədə məsuliyyəti daha dərin, rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS), radioelektron mübarizə - kəşfiyyat (REM/REK), eləcə də kompüter dəstəkli, oturaq fəaliyyətə sahib (Pilotsuz uçuş aparatları - PUA, dronlar) vəzifələrdə faydalılığı daha yüksək ola bilər. Tabeliyində olanlara qarşı həssas yanaşırlar. Kiçik işlərdə belə yüksək motivasiyaya ehtiyac duyurlar. Onlara mənəvi kömək etməklə ürəkləndirmək lazımdır. Mövcud qrupda melanxolik hərbçi varsa, daim heyətin qayğısına qalacaq.

Xoleriklər lider ruhludurlar. Çəkinmədən qərar qəbul edir, enerjili, zirək tiplərdir. Komandir olmağa, avtoritar idarəetməyə meyilli şəxslərdir. Bəzən səbirsizlik göstərir, tənqidə qarşı aqressiv olurlar. Böhran vəziyyətlərində kimdənsə məsləhət gözləmir, özləri çıxış yolu axtarırlar. Hegemonluğa sahib olub, kənar qıcıqlara qarşı sərt reaksiyalar verə bilirlər. İşlərinə qarışmaq onlarda qəzəb partlaması yarada bilər. Bu da böhran hallarında onlarda tez özündənçıxma, konfiliktə təhrik etməyə imkan yaradır. Tapşırığı yerinə yetirməzdən əvvəl bu tipə sahib hərbi qulluqçular tez həyəcanlanırlar. Yeni mühitə uyğunlaşmaq onlar üçün çox da çətin deyil. Hərbçi peşəsində daha çox dağatıcı, motoatıcı birliklərdə, xüsusi taktiki əməliyyat bölmələrində, eləcə də hava desantı qruplarında yüksək fəallıq göstərirlər. Hərbi kollektivdə olan xolerik yoldaşlarını çətin şəraitdə irəliyə doğru aparacaq.

Fleqmatiklər soyuqqanlı, nizamnamə qanunları ilə hərəkət edən, həmçinin sistemli iş qabiliyyətinə sahib tiplərdir. Hisslərinə nəzarət etməyi bacarırlar. Bəzən daxildə dərin emosional mübarizə aparsalar da, üzdə sakit görünürlər. Qeyri-təşəbbüskardırlar, ehtiyac olmadığı halda innovativ çıxışlar etmirlər. Gördükləri işə fokuslanırlar. Olur ki, böhran vəziyyətlərində qərar qəbul etmək üçün əmr gözləyirlər. Qaydalar onlara görə yazılıb, desək, yanılmarıq. Nizamnamə tələbləri, günün nizam qaydalarına əməl etmək onlarda yaxşı alınır. Təhlil etmək, məxfi məlumatlarla işləmək, planlama və qərargah vəzifələrində uğurludurlar. Uzun müddət bir işə diqqət ayıra bilərlər. Lakin bir işdən digərinə keçid onlarda çətin alınır. İnadlı və əməksevərdirlər. İşini sona çatdırır. Boş danışıqları sevmir, ciddi və ağıllıdırlar. Soyuqqanlı olmaları onlarda tibb sahəsində çalışmağa imkan yaradır. Bölük sanitarları, feldşerlər, məntəqələrin tibb heyətinə daxil edilə bilərlər.

Hərbçi peşəsində ixtisasların təyin edilməsinə temperament pəncərəsindən baxmaqla yanaşı, onun xarakterik xüsusiyyətlərinə də nəzər yetirmək lazımdır. Çünki şəxsiyyətin xarakteri fəaliyyət və ünsiyyət prosesi ilə formalaşır. Xarakter şəxsin keyfiyyəti kimi temperamentlə sıx əlaqəlidir. Temperament bioloji xüsusiyyətdirsə, xarakter sosial mühitin, tərbiyənin tələblərinə uyğun formalaşan və dəyişikliklərə uğraya bilən psixoloji xassələrdir.

Hərbçi xarakterinin strukturuna mənəvi-əxlaqi keyfiyyətlər daxildir. Buraya komanda ruhlu, vətənpərvər, dürüst, cəsur, ciddi, yüksək fiziki və psixi hazırlıqlı, eləcə də digər müsbət xüsusiyyətləri əlavə etmək olar. İradi keyfiyyətlərdən isə qətiyyətli, dözümlü, nizam-intizamlı olması bəyəniləndir. Yaxşı olar ki, (hərbçi) zabit qeyri-təqlidçi olsun. Astagəl birinin tennisçi olması daha çətindir, lakin şahmatda uğurlu olması asandır. Sanqvinikə oturaq iş tapşırmaq ona "suyun üstü ilə qaçmaqdan" daha çətin görünə bilər. İş və vəzifələr bölüşdürülərkən fizioloji durumu ilə yanaşı, hərbçinin sinir sisteminin fəaliyyəti, xarakterik xüsusiyyətləri də dəqiq tədqiq olunmalıdır. Bütün bunlarla kiçik hərbi kollektivin səmərəli fəaliyyəti üçün (məhdud gəmi, təyyarə heyəti, döyüş postunda) müxtəlif temperamentlilərin toplanması məqsədəuyğundur. Optimal, işgüzar və psixoloji fəaliyyət üçün bu, daha əlverişlidir.

Yekunda ordu daxilində temperamentlərin bioloji üstünlüklərinə bir daha nəzər yetirək: Sanqvinik təsir etməyi bacarır, fleqmatik fokuslanır, dözümlüdür, melanxolik səssiz, dəqiq və məsuliyyətlidir, xolerik rəhbərlik ruhundadır, cürətlidir.

Seçilən
76
1
azertag.az

2Mənbələr