Bakı,12 mart, AZƏRTAC
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri ölkəmizin qlobal geosiyasi və iqtisadi proseslərdə artan rolunun göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Onun sözlərinə görə, Antonio Koştanın səfəri son dərəcə mürəkkəb beynəlxalq şəraitdə – həm Rusiya–Ukrayna müharibəsinin davam etdiyi, həm də Yaxın Şərqdə və İran ətrafında gərginliyin artdığı bir dövrdə baş tutur. Belə bir şəraitdə Avropa İttifaqının ali rəhbərliyinin Azərbaycana səfər etməsi ölkəmizin Avropa üçün strateji əhəmiyyətini bir daha təsdiqləyir.
“Avropa İttifaqı Şurasının Prezidenti adətən Avropa İttifaqından kənara çox səfər etmir. Belə mürəkkəb geosiyasi şəraitdə onun Azərbaycana gəlməsi onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın geosiyasi, iqtisadi və enerji təhlükəsizliyi baxımından rolunu yüksək qiymətləndirir”, – deyə T.Gəncəliyev bildirib.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan deputat deyib ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması Avropa İttifaqının Azərbaycan üçün nə qədər əhəmiyyətli tərəfdaş olduğunu göstərən mühüm hadisə idi. Avropa institutları daxilində zaman-zaman Azərbaycana qarşı müəyyən kampaniyalar aparmağa çalışan dairələrin mövcud olmasına baxmayaraq, real geosiyasi və iqtisadi reallıqlar Avropa İttifaqının Azərbaycanla əməkdaşlığının əhəmiyyətini daha aydın göstərir.
“Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır və ümumilikdə Azərbaycan qazının çatdırıldığı ölkələrin sayı artıq 16-ya çatıb. Eyni zamanda, Avropa İttifaqının 27 üzv ölkəsindən təxminən 9-u və ya 10-u Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu isə o deməkdir ki, Avropa İttifaqının təxminən üçdəbiri artıq Azərbaycanı böyük ümidlər və strateji baxışlarla qiymətləndirir”, – deyə T.Gəncəliyev vurğulayıb.
O bildirib ki, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti xüsusilə Orta Dəhliz və Xəzər regionunun rolunun artması ilə daha da güclənir. Avropa İttifaqının Mərkəzi Asiyaya və Çinə açılan qapılarından biri məhz Azərbaycandır: “Bu proses qarşılıqlı xarakter daşıyır. Çindən və Mərkəzi Asiyadan Avropaya çıxış üçün də ən etibarlı və təhlükəsiz marşrut Cənubi Qafqaz və Azərbaycan üzərindən keçir. Çünki regionun digər istiqamətlərində müharibə və qeyri-sabitlik müşahidə olunur”.
Deputat əlavə edib ki, Orta Dəhliz təkcə ticarət və nəqliyyat baxımından deyil, həm də enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Ənənəvi enerji daşıyıcıları ilə yanaşı, alternativ və yaşıl enerji layihələrinin də gələcəkdə bu marşrut vasitəsilə Avropaya çatdırılması perspektivi mövcuddur.
Tural Gəncəliyev bildirib ki, Yaxın Şərqdə və xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr dünya enerji bazarları üçün ciddi risklər yaradır. O qeyd edib ki, Hörmüz boğazı və Bab əl-Məndəb kimi strateji keçidlərin bağlanması qlobal iqtisadiyyat üçün ağır nəticələr doğura bilər. Belə bir şəraitdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha da mühüm rol oynayır. Avropa İttifaqının liderləri də bu reallığı yaxşı anlayırlar və Azərbaycanın strateji əhəmiyyətini yüksək qiymətləndirirlər.
“Azərbaycanın Orta Dəhlizdə oynadığı rol artıq beynəlxalq səviyyədə geniş şəkildə qəbul olunur. Hətta son dövrlərdə Asiya ilə Avropa arasında hava məkanından istifadə məsələsində də Azərbaycanın strateji əhəmiyyəti bir daha özünü göstərib. Bu gün artıq aydın şəkildə görünür ki, Azərbaycanın iştirakı olmadan Avrasiya məkanında əsas iqtisadi və logistika arteriyalarının fəaliyyətini təmin etmək mümkün deyil. Məhz bu səbəbdən Avropa İttifaqının rəhbərliyi Azərbaycana xüsusi diqqət yetirir və ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirməyə çalışır”, – deyə Tural Gəncəliyev əlavə edib.
Deputat hesab edir ki, Antonio Koştanın Azərbaycana səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənəcəyinə dair mühüm siyasi mesajdır və bu görüşlər ölkəmizin regionda və beynəlxalq münasibətlər sistemində artan rolunun daha da möhkəmlənməsinə xidmət edəcək.