“Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər son illərdə daha fəal və məzmunlu mərhələyə daxil olub”.
Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu münasibətlər artıq təkcə enerji sahəsi ilə məhdudlaşmır:
“Siyasi dialoq, iqtisadi əməkdaşlıq və regionda sabitliyin qorunması kimi məsələlər də tərəfdaşlığın vacib istiqamətlərinə çevrilib. Azərbaycan bu prosesdə etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut edib. Xüsusilə enerji sahəsində əməkdaşlıq Avropa üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin real nümunəsidir”.
Deputat vurğulayıb ki, bu gün Avropa enerji mənbələrini şaxələndirməyə çalışır və Azərbaycan bu istiqamətdə mühüm rol oynayan ölkələrdəndir:
“Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmamalıdır. Ticarət, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və yaşıl enerji kimi sahələrdə də geniş imkanlar mövcuddur. Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında yeni iqtisadi imkanlar yaradır və Azərbaycanın bu prosesdə strateji mövqeyi xüsusi əhəmiyyət kəsb edir”.
Günay Ağamalı diqqətə çatdırıb ki, tərəfdaşlığın daha da inkişaf etməsi üçün qarşılıqlı hörmət və obyektiv yanaşma vacibdir:
“Azərbaycan müstəqil və suveren siyasət yürüdən dövlətdir və beynəlxalq münasibətlərdə bərabərhüquqlu əməkdaşlıq prinsipinə xüsusi önəm verir. Avropa İttifaqının da regiondakı reallıqları düzgün qiymətləndirməsi və Cənubi Qafqazda sabitliyə töhfə verən balanslı mövqe sərgiləməsi mühüm əhəmiyyət daşıyır. İnanıram ki, qarşılıqlı etimad və sağlam əməkdaşlıq mühiti qorunarsa, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər daha da inkişaf edəcək. Bu əməkdaşlıq yalnız tərəflər üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi və iqtisadi inkişafı baxımından da mühüm rol oynayacaq”.
Elmir Mustafa
