Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş vətənpərvər övladlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvanda tez-tez silsilə tədbirlər keçirilir.
Belə tədbirlərdən biri də Naxçıvan şəhərində “Vətənə xidmətə görə” ordenli şəhid kapitan Balabəyli Elcan Vasif oğluna həsr olunmuşdur.
Qəhrəmanımızın ad günü münasibətilə keçirilən tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri İsmayıl Gülməmmədov çıxışında İkinci Qarabağ müharibəsində və sonrakı dövrlərdə, eləcə də antiterror əməliyyatlarında qəhrəmanlıq nümunəsi göstərmiş el oğullarımızdan olan kapitan Balabəyli Elcanın xatirəsinə həsr edilmiş tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verdi, qəhrəmanın valideynlərinə dərin hörmət və ehtiramını bildirdi.
Tədbirdə çıxış edən digər iştirakçılar kapitan Balabəyli Elcanın Vətən uğrunda göstərdiyi igidlikdən, onun yüksək vətənpərvərlik ruhundan və hərbi xidmət dövründə qazandığı hörmətdən bəhs edərək belə qəhrəman oğulların xatirəsinin daim uca tutulduğunu qeyd etdilər. Bildirildi ki, şəhidlərimizin keçdiyi şərəfli həyat yolu və göstərdikləri qəhrəmanlıq nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Sonra məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirildi.
Sonda şəhid kapitan Balabəyli Elcan Vasif oğlunun məzarı ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"Naxçıvan Şəhid Ailələri" İctumai Birliyinin mətbuat katibi






.1773320335.jpg)