AZ

Hikmət Hacıyev: "Azərbaycan multilateralizmin qətiyyətli tərəfdarıdır"

"Azərbaycan multilateralizmin qətiyyətli tərəfdarıdır. Multilateralizm kiçik və orta ölçülü ölkələr üçün vacibdir. O, bərabərlik təmin edir və bizə masa arxasında söz demək imkanı verir. Bu da bizə qlobal və regional qərarların formalaşdırılmasına töhfə verməyə imkan yaradır".

News365.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev XIII Qlobal Bakı Forumunda "Multilateralizmin böhranı - qlobal əməkdaşlığa yenidən baxış" mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına qoşulanda bəziləri bu təşkilatın artıq köhnəlmiş və aktuallığını itirmiş bir qurum olduğunu deyirdilər:

"Lakin Azərbaycanın 2019-2022-ci illərdəki sədrliyi göstərdi ki, Qoşulmama Hərəkatı əməkdaşlıq və çoxşaxəli regional əməkdaşlığa töhfə verə bilən önəmli bir platformadır. COVID-19 pandemiyası bunun üçün bir sınaq oldu.

Azərbaycanın fəaliyyəti digər çoxtərəfli platformalarda da davam edib. Son dövrlərdən bir nümunə COP29 və iqlim diplomatiyasıdır. Bu, Azərbaycan üçün yeni bir çağırış idi. Biz göstərdik ki, effektiv sədrliyi təmin edə bilərik. Azərbaycanın COP29 sədrliyi karbon bazarı, itki və zərər fondu və digər məsələlərlə bağlı mühüm qərarların qəbuluna töhfə verdi.

Regional səviyyədə isə Türk Dövlətləri Təşkilatı var. Azərbaycan bu qurumun institusional inkişafında və möhkəmlənməsində fəal rol oynayır. Bu yaxınlarda biz, həmçinin D8 təşkilatına qoşulduq və bu institutun daha da inkişaf etdirilməsini gözləyirik".

Seçilən
28
news365.az

1Mənbələr