Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatının növbəti görüşləri keçirilib.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 62 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ruzanna Məmmədova uğurlu çıxışını davam etdirib. O, əvvəlcə Bolqarıstan təmsilçisi Fatmə Tahir Şabana üzərində tam üstünlüklə (11:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. R.Məmmədova daha sonra yarımfinala gedən yolda Türkiyə güləşçisi Gülsüm Bingöl ilə qarşılaşıb və rəqibini yenə də tam üstünlüklə (11:0) məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Bundan əlavə ölkəmizi təmsil edən 53 kq çəki dərəcəsində çıxış edən Nərgiz Səmədova isə Litva idmançısı Vestina Daniseviçyutey üzərində 3:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
72 kq-da mübarizə aparan Zəhra Kərimzadə təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Daniyela Petrova Brasnarova ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatsa da, son xal prinsipinə əsasən Azərbaycan güləşçisi məğlub olub.
Avropa çempionatına martın 15-də yekun vurulacaq.