AZ

Hikmət Hacıyevdən sərt MESAJ: “BMT və digər qurumlar...”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumunun “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panelində çıxış edib.

Musavat.com xəbər verir ki, Hikmət Hacıyev çıxışında qlobal çoxtərəflilik və təhlükəsizlik sahəsindəki böhranları diqqətə çatdırıb.

O, bildirib ki, dünyada çoxtərəflilik prinsiplərinin tətbiqi, sülh və təhlükəsizlik məsələlərində ciddi çatışmazlıqlar mövcuddur. Onun sözlərinə görə, bu vəziyyət birbaşa BMT Təhlükəsizlik Şurasının mandatının səmərəsizliyi ilə bağlıdır: “BMT TŞ-nin qlobal məsələlərin həllində iştirakı çox zəifdir. Sülh və təhlükəsizlik sahəsindəki böhranlar göstərir ki, çoxtərəflilik yalnız sözlə deyil, əməldə həyata keçirilməlidir”.

Hikmət Hacıyev Azərbaycanın beynəlxalq çoxtərəfli təşəbbüslərdə nümunəvi rolunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan 2019–2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edərkən bu qurumun nüfuzunu artırmağa nail olub.

“Biz Qoşulmama Hərəkatına qoşulanda tənqidlər səslənirdi. Amma 2019-2022-ci illəd Azərbaycanın bu quruma sədrliyi imkan verdi ki, Qoşulmama Hərəkatı nüfuz qazansın. Həmçinin, Azərbaycanın COP29-a effektiv sədrliyi nəticəsində mühüm qərarlar qəbul edildi. Eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatında da mühüm rol oynamaqdadır. Biz həmçinin, D 8 təşkilatına qoşulmuşuq. Qlobal səviyyədə çoxtərəflilikdə müəyyən siyasi iradənin olmaması bariz şəkildə görünür. Digər tərəfdən, müəyyən çoxtərəfli təşkilatlar tənqidə məruz qalır, çünki hesabatlılıqları yoxdur. Beynəlxalq təşkilatların problemlərimizi həll etməsini gözləmirik. Müstəqilliyin ilk illərində bəzi gözləntilərimiz vardı, amma ATƏT bölgədəki münaqişələri həll edə bilmədi, Minsk qrupu iflasa uğradı. Nəticədə biz hərbi və siyasi vasitələrlə münaqişəni həll etdik və sülh şəraitinə nail olduq. Hazırda Azərbaycan və Ermənistan sülh və əməkdaşlıq prinsipləri əsasında əlaqələrini davam etdirir”, - deyə, Prezidentin köməkçisi əlavə edib.

Xalidə Gəray,
Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr