AZ

Avropa, ABŞ və Çin üçün "qırmızı həyəcan": Körfəzdə logistik iflic təhlükəsi – ÖZƏL

"Körfəz bölgəsində bir sıra ölkələrin mühüm strateji limanları yerləşir. Bu limanlar həm Avropa İttifaqı, həm ABŞ, həm də Çinlə iqtisadi və ticarət əlaqələri baxımından böyük əhəmiyyət daşıyır. Bölgədə yerləşən limanlar - Bəndər-Abbasdan tutmuş Əbu-Dabi, Küveyt, Qətər və Bəhreynə qədər - hər biri öz fəaliyyət istiqamətinə görə fərqlənir. Bu limanların bəziləri əsasən ticarət və logistika mərkəzləri kimi fəaliyyət göstərir, bəziləri isə həm də ABŞ-nin bölgədə yerləşən hərbi bazalarının təminatında rol oynayır. Hazırda bu limanların təhlükəsizliyi həm ABŞ, həm də müəyyən mənada İran tərəfindən nəzarətdə saxlanılır. İran tərəfinin son açıqlamaları da məhz bu kontekstlə bağlıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Ramiyə Məmmədova deyib. Ekspert bildirib ki, dünyada enerji daşıyıcılarının və ticarət yüklərinin təxminən 20 faizi körfəz bölgəsindən keçən dəniz marşrutları ilə daşınır. Bu marşrutlardan keçən gəmilərin bir hissəsinin təhlükəsizliyi ABŞ tərəfindən, müəyyən hissəsinin isə İranın hərbi qüvvələri tərəfindən təmin olunur. İranın verdiyi mesaj ondan ibarətdir ki, əgər regionda yerləşən limanlara və ya hərbi bazalara zərbə endirilərsə, bu yalnız hərbi infrastruktura deyil, eyni zamanda bölgədəki iqtisadi fəaliyyətə də ciddi zərər vuracaq. Belə bir ssenari baş verərsə, körfəz regionunda böyük dağıntılarla yanaşı, iqtisadi və logistik baxımdan da ciddi problemlər yarana bilər. Artıq Hörmüz boğazında yaranan gərginlik və bəzi məhdudiyyətlər logistika və dəniz daşımaları sahəsində müəyyən çətinliklər yaradıb. Bu isə daşınma xərclərinin və ümumi qiymətlərin artmasına səbəb olur. Əgər vəziyyət daha da gərginləşərək liman infrastrukturuna zərbələr endirilməsi mərhələsinə keçərsə, bu, regiondakı logistik sistemin demək olar ki, iflic olması deməkdir.

Ekspert qeyd edib ki, belə bir vəziyyət yalnız Yaxın Şərq ölkələrinə deyil, həm də Avropa, ABŞ və qlobal ticarət sisteminə ciddi iqtisadi zərər vura bilər. Çünki körfəz regionu beynəlxalq ticarətin və enerji daşımalarının ən mühüm mərkəzlərindən biridir. Bu infrastrukturun zədələnməsi və ya fəaliyyətinin dayanması böyük maliyyə itkilərinə, şirkətlərin və ölkələrin iqtisadi baxımdan ciddi zərərlə üzləşməsinə səbəb ola bilər. Digər tərəfdən, İranın belə sərt mesajlar verməsi həm də regionda baş verən proseslərin siyasi və iqtisadi nəticələrini nəzərə almağa çağırış kimi qiymətləndirilə bilər. İranın qısa müddətdə zəiflədiləcəyi barədə səslənən bəzi proqnozların reallaşmaması da göstərir ki, bu cür mürəkkəb geosiyasi proseslər daha uzunmüddətli və çoxşaxəli nəticələr doğura bilər. Əgər gərginlik davam edərsə, Yaxın Şərqdə və xüsusilə körfəz ölkələrində iqtisadi problemlər yarana bilər. Bu isə öz növbəsində ABŞ, Avropa və Çin kimi böyük iqtisadi mərkəzlər üçün də ciddi maliyyə itkiləri və iqtisadi çətinliklər demək olacaq. Bu səbəbdən də bir çox analitiklər hesab edirlər ki, tərəflər sonda danışıqlar və siyasi həll yollarına üstünlük verməyə məcbur qala bilərlər.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
46
olaylar.az

1Mənbələr