AZ

“Şagirdləri həddindən artıq çətin suallarla yükləmək düzgün deyil” - Deputat

"Martın 9-da keçirilən 11-ci sinif buraxılış imtahanı ətrafında yaranan müzakirələr göstərir ki, imtahanların təşkili zamanı yalnız sualların çətinliyi deyil, şagirdlərin real vəziyyəti də nəzərə alınmalıdır".

Bu fikirləri Redaktor.az-a buraxılış imtahanı haqqında danışan deputat Vasif Qafarov bildirdi.

Onun fikrincə, hər hansı bir fənni həddindən artıq çətinləşdirməklə şagirdlərə daha çox bilik vermiş və ya daha yaxşı mütəxəssis hazırlamış olmuruq:

"İmtahanın məqsədi şagirdin proqram üzrə öyrəndiklərini ədalətli şəkildə qiymətləndirmək olmalıdır. Bugünkü 11-ci sinif şagirdləri eyni anda bir neçə fənn üzrə, həm də illərlə toplanmış mövzular üzrə hazırlaşırlar. Səhər məktəbdə dərs keçən, günün qalan hissəsini hazırlıqlarda keçirən, axşam isə yorğun halda yenə dərs oxumağa çalışan şagirdlərin üzərinə böyük yük düşür. Buna görə də imtahan sualları hazırlanarkən şagirdlərin gündəlik həyatının, fiziki və psixoloji yorğunluğunun da nəzərə alınması vacibdir. Digər tərəfdən, valideynlərin də bu prosesdə böyük əziyyəti var. Onlar övladlarının təhsili üçün böyük zəhmət çəkir və maddi çətinliklərə baxmayaraq, onların yaxşı təhsil almasına çalışırlar. Bu zəhməti də nəzərə alaraq imtahan sistemi daha balanslı və ədalətli olmalıdır. Eyni zamanda, digər ölkələrin təcrübəsinə baxdıqda görürük ki, bir çox yerdə qəbul imtahanları şagirdlər üçün daha əlçatan və məntiqli şəkildə qurulur. Buna görə də beynəlxalq təcrübə də nəzərə alınmalı, imtahanlar şagirdlərin psixologiyasına və real imkanlarına uyğun hazırlanmalıdır. Ümumilikdə isə düşünürəm ki, imtahanların əsas məqsədi şagirdləri çətin vəziyyətə salmaq deyil, onların bilik səviyyəsini obyektiv şəkildə ölçmək olmalıdır. Təhsil sistemində qərarlar verilərkən həm müəllimlərin zəhməti, həm şagirdlərin yaşı və psixologiyası, həm də mütəxəssislərin tövsiyələri diqqətə alınarsa, daha ədalətli və effektiv nəticə əldə etmək mümkün olar".

Nuriyyə NATİQQIZI

Seçilən
11
1
redaktor.az

2Mənbələr