AZ

Hikmət Hacıyev: Azərbaycan beynəlxalq institutların ölkənin problemlərini həll etməsini gözləməyib

Hikmət
"Azərbaycan münaqişəni hərbi-siyasi vasitələrlə aradan qaldırıb və hazırda Ermənistanla sülh gündəliyi üzrə danışıqlar aparır". 1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.
H.Hacıyev bildirib ki, Azərbaycan beynəlxalq institutların ölkənin problemlərini həll etməsini gözləməyib. “Biz beynəlxalq institutların problemlərimizi həll etməsini gözləmədik. Düzdür, müstəqilliyin ilk illərində belə gözləntilər var idi. Lakin, məsələn, ATƏT iflasa uğramış təşkilata çevrildi və bölgədə münaqişənin həllinə nail ola bilmədi. Onun Minsk qrupu da faktiki olaraq iflasa uğradı. Nəticədə biz hərbi və siyasi vasitələrlə münaqişəni həll edə bildik və sülhə nail olduq. Bu gün Azərbaycan və Ermənistan əməkdaşlıq edərək sülh gündəliyi üzrə danışıqlar aparır”, – deyə o vurğulayıb. Prezidentin köməkçisi qeyd edib ki, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr çoxtərəfli diplomatiyanın uğurlu nümunələrindən biridir. Onun sözlərinə görə, Xəzər regionundan Aralıq dənizinə qədər uzanan enerji layihələri müxtəlif ölkələrin əməkdaşlığı nəticəsində reallaşıb və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verib. H.Hacıyev əlavə edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı da genişləndirir. O xatırladıb ki, ötən il Azərbaycan Mərkəzi Asiya Məşvərət Platformasına tamhüquqlu üzv kimi qəbul olunub.

“Bizim üçün "orta güc" anlayışı ölkənin ölçüsü və ya hərbi imkanları ilə deyil, problemlərin həllinə yönəlmiş yanaşma, həmçinin regional və qlobal gündəliyə müsbət töhfə vermək iradəsi ilə ölçülür”, – deyə H.Hacıyev bildirib.

Seçilən
77
1news.az

1Mənbələr