AZ

Fitrə vermək kimlərə vacibdir? - İlahiyyatçı açıqladı

Ramazan ayında fitrə sədəqəsinin verilməsi məsələsi hər il olduğu kimi bu il də aktual mövzulardandır. Xüsusilə fitrənin kimlərə vacib olduğu və hansı hallarda verilmədiyi ilə bağlı vətəndaşlar arasında müxtəlif suallar yaranır. Mövzu ilə bağlı ilahiyyatçılar bildirirlər ki, fitrə sədəqəsi yalnız maddi yardım deyil, eyni zamanda mənəvi mahiyyət daşıyan bir ibadətdir. Bu baxımdan onun düzgün şəkildə yerinə yetirilməsi vacib sayılır.

Bununla bağlı Missiya.Az-a danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, Ramazan ayı insanın həm ruhunu, həm də cəmiyyət qarşısındakı məsuliyyət hissini oyadan bir məktəb kimidir:

"Bu ayın sonunda verilən fitrə zəkatı da məhz bu mənəvi məktəbin bir hissəsidir. İslamda ibadətlər təkcə insanın Allahla münasibətini deyil, eyni zamanda insanların bir biri ilə münasibətlərini də tənzimləyir. Fitrə zəkatının mahiyyəti də burada ortaya çıxır. O, həm ibadətdir, həm də sosial ədalət mexanizmidir.Fitrə zəkatı Ramazan ayının sonunda verilən xüsusi bir sədəqədir. Məhəmməd peyğəmbər (s.ə.s) bu ibadətin hikmətini çox aydın ifadə etmişdir. Abdullah ibn Abbasdan rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) buyurur ki, fitrə zəkatı oruc tutan insanı boş söz və xətalardan təmizləmək və yoxsulları sevindirmək üçün fərz edilmişdir. Bu hədisi Əbu Davud və İbn Macə kimi hədis alimləri rəvayət etmişlər. Burada iki mühüm məqam diqqəti çəkir. Birincisi, fitrə zəkatı insanın Ramazan boyunca etdiyi ibadətin mənəvi tamamlanmasıdır. İkincisi isə bu ibadət cəmiyyətdə sosial bərabərlik və mərhəmət hissini gücləndirir",- deyə ilahiyyatçı qeyd edib.

İlahiyyatçı vurğulayıb ki, Quranda fitrə zəkatı ifadəsi birbaşa bu adla çəkilməsə də zəkat və ehtiyacı olanlara yardım mövzusu çox geniş şəkildə izah edilir:

"Tövbə surəsinin 60-cı ayəsində zəkatın kimlərə verilməli olduğu açıq şəkildə göstərilir. Ayədə bildirilir ki, zəkat yoxsullara, kasıblara, borclulara, yolda qalanlara və digər ehtiyac sahiblərinə verilməlidir. Klassik İslam alimləri fitrə zəkatının da əsasən bu kateqoriyalara daxil olan ehtiyaclı insanlara verilməsini qeyd etmişlər.Fiqh alimləri fitrə zəkatının kimlərə verilməsi məsələsində ümumilikdə eyni mövqedədirlər. Hənəfi, Şafii, Maliki və Hənbəli məktəblərinin alimləri bildirirlər ki, fitrə zəkatı əsasən maddi ehtiyac içində olan insanlara verilməlidir. İmam Əbu Hənifə və onun məktəbinin alimləri xüsusilə vurğulayırdılar ki, fitrə zəkatının əsas məqsədi bayram günü yoxsul insanların da sevincə şərik olmasıdır. Buna görə də imkan daxilində fitrə zəkatı bayram namazından əvvəl verilməlidir ki, ehtiyacı olan insanlar bayram gününü sıxıntısız keçirə bilsinlər.Tarixi mənbələr göstərir ki, Peyğəmbər dövründə fitrə zəkatı əsasən ərzaq şəklində verilirdi. Hədislərdə bir sə miqdarında xurma, arpa, buğda və ya digər əsas qida məhsullarının verilməsi qeyd edilir. Sə o dövrün ölçü vahididir və təxminən üç kiloqram civarında qida məhsuluna uyğun gəlir. Bu yanaşma həmin dövrün iqtisadi və sosial şəraiti ilə bağlı idi. İnsanların əsas ehtiyacı qida idi və yardım da məhz bu formada edilirdi.Müasir dövrdə isə İslam alimlərinin böyük bir hissəsi fitrə zəkatının pul şəklində verilməsinin də mümkün olduğunu qeyd edir. Xüsusilə Hənəfi hüquq məktəbi bunu caiz sayır. İmam Əbu Hənifə hesab edirdi ki, əsas məqsəd ehtiyac sahibinin problemini həll etməkdir. Bəzən pul qidadan daha faydalı ola bilər. Məsələn, insanın dərman, kirayə və ya başqa ehtiyacları ola bilər. Bu baxımdan müasir dövrdə bir çox İslam ölkələrində fitrə zəkatının pul formasında verilməsi geniş yayılmışdır".

Ə.Həsənov vurğulayıb ki, sosial və iqtisadi baxımdan fitrə zəkatının çox maraqlı bir tərəfi də var:

"Müasir iqtisadçılar və sosial tədqiqatçılar qeyd edirlər ki, dini yardımlar cəmiyyət daxilində sosial gərginliyin azalmasına və paylaşma mədəniyyətinin formalaşmasına kömək edir. Harvard və Oxford kimi universitetlərdə aparılan bəzi sosial araşdırmalar göstərir ki, könüllü və dini yardım sistemləri cəmiyyət daxilində sosial həmrəyliyi gücləndirən mühüm faktorlardan biridir. İslamda fitrə zəkatı məhz bu sosial balansın qorunmasına xidmət edən qədim və effektiv mexanizmlərdən biridir.Burada diqqət edilməli bir məsələ də var. Fitrə zəkatı verərkən əsas prinsip ehtiyac sahibini tapmaqdır. Bu yardım həqiqətən ehtiyacı olan insanlara çatmalıdır. Klassik alimlər deyirdilər ki, insan əvvəlcə öz yaxın çevrəsində ehtiyac sahiblərinə baxmalıdır. Qohumlar, qonşular, tanışlar arasında ehtiyacı olan insanlar varsa, onların ehtiyacını ödəmək daha savablı hesab edilir. Çünki bu həm yardım, həm də sosial münasibətlərin qorunması deməkdir.Digər mühüm məsələ isə fitrə zəkatının kimlərə verilməməsidir. İslam hüququna görə insan öz valideynlərinə, övladlarına və həyat yoldaşına fitrə zəkatı verə bilməz. Çünki onların təminatı artıq həmin insanın üzərində məsuliyyət sayılır. Fitrə zəkatı daha çox sosial dəstəyə ehtiyacı olan digər insanlara yönəlməlidir.Ramazan ayının sonunda verilən fitrə zəkatı əslində bizə çox mühüm bir həqiqəti xatırladır. İslamda ibadət yalnız fərdi məsələ deyil. İbadət həm də sosial məsuliyyətdir. İnsan Allahla münasibətini gücləndirdikcə, cəmiyyət qarşısında da daha həssas və məsuliyyətli olmalıdır.Bu mübarək ayın sonunda bir ehtiyac sahibinin qapısını döyüb ona yardım etmək bəzən uzun ibadətlərdən daha təsirli bir mənəvi dərs ola bilir. Çünki dinin ruhu yalnız ibadətdə deyil, mərhəmətdə və paylaşmaqda da özünü göstərir.Fitrə zəkatının hikməti də məhz budur. Oruc insanın ruhunu təmizləyir, fitrə isə cəmiyyəti. Bu iki ibadət birlikdə insanı həm mənəvi, həm də sosial baxımdan daha məsuliyyətli və daha mərhəmətli bir varlığa çevirir. Buna görə də fitrə zəkatı sadəcə maddi yardım deyil. Bu, Ramazan məktəbinin insan qəlbində qoyduğu mərhəmət izinin cəmiyyətə yansımasıdır",- deyə Əkrəm Həsənov əlavə edib.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
45
missiya.az

1Mənbələr