AZ

Hacıyev: Multilateralizm kiçik və orta dövlətlər üçün bərabərlik və söz haqqı yaradır

 

 Azərbaycan multilateralizmin güclü tərəfdarıdır və bu yanaşma xüsusilə kiçik və orta dövlətlər üçün bərabərlik və beynəlxalq qərarların qəbulunda iştirak imkanı yaradır.
Bunu XIII Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, multilateralizm ölkələrə qlobal və regional qərarların formalaşdırılmasına töhfə vermək, həmçinin beynəlxalq gündəliyin müəyyənləşdirilməsində iştirak etmək imkanı yaradır.

Hacıyev qeyd edib ki, multilateralizmin böhranından danışarkən bu məsələyə daha fərqləndirilmiş yanaşma tətbiq olunmalıdır.

“BMT terminologiyasına əsasən multilateralizmin əsas istiqamətlərindən biri sülh və təhlükəsizlikdir və məhz bu sahədə ciddi böhran müşahidə olunur. Bu, BMT Təhlükəsizlik Şurasının qeyri-demokratik və kifayət qədər təmsil olunmayan strukturu, qlobal konsensusun zəifləməsi və beynəlxalq sistemdə artan parçalanma ilə bağlıdır”, — o bildirib.

Bununla yanaşı, Prezidentin köməkçisi vurğulayıb ki, sosial, iqtisadi və humanitar sahələrdə multilateral əməkdaşlıq müəyyən uğurlu nəticələr verib.

Hacıyev qeyd edib ki, Azərbaycan multilateralizmi yalnız bəyanatlar səviyyəsində deyil, konkret fəaliyyətlə dəstəkləyir. 

Onun sözlərinə görə, Azərbaycanın 2019–2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi bu platformanın aktual və təsirli beynəlxalq mexanizm olduğunu göstərdi.

“COVID-19 pandemiyası dövründə Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq bunun praktiki nümunələrindən biri oldu”, — o deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan həmçinin iqlim diplomatiyası və digər beynəlxalq təşəbbüslərdə fəal iştirak edir. Onun sözlərinə görə, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində karbon bazarı və iqlim dəyişikliklərinin iqtisadi təsirləri ilə bağlı mühüm qərarlar qəbul olunub.

Hacıyev əlavə edib ki, Azərbaycan regional təşkilatlarda da aktiv rol oynayır. Onun sözlərinə görə, ölkə Türk Dövlətləri Təşkilatının institusional inkişafına töhfə verir, həmçinin D-8 təşkilatına qoşulub və bu platformanın gələcək inkişafına dəstək göstərməyə hazırdır.

Prezidentin köməkçisi bildirib ki, qlobal multilateralizmin qarşısında duran əsas problemlərdən biri siyasi öhdəliklərin çatışmazlığıdır.

“İkili standartlar və beynəlxalq hüququn prinsiplərinin seçici tətbiqi də beynəlxalq sistemə ciddi zərbə vurur”, — Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, mövcud şəraitdə bəzi beynəlxalq institutlar dəyişən qlobal reallıqlara kifayət qədər çevik uyğunlaşa bilmir.

Hacıyev qeyd edib ki, bu səbəbdən Azərbaycan “orta güc” konsepsiyasına əsaslanan yanaşmanı irəli sürür.

“Bu yanaşma çərçivəsində ölkələr daha geniş multilateral institutların qərarlarını gözləmək əvəzinə, konkret mövzular ətrafında həmfikir dövlətlərlə əməkdaşlıq quraraq təşəbbüsü öz üzərinə götürür”, — o bildirib.

Onun sözlərinə görə, bu yanaşma “istəkli ölkələr koalisiyası” və “dəyişkən həndəsə” prinsiplərinə əsaslanır və müxtəlif regionlardan olan ölkələrin konkret məsələlər üzrə əməkdaşlığına imkan yaradır.

Hacıyev vurğulayıb ki, Azərbaycan regionda sülh və təhlükəsizlik məsələlərində də təşəbbüskar rol oynayır.

“Biz beynəlxalq institutların problemlərimizi həll etməsini gözləmədik. Azərbaycan münaqişəni hərbi-siyasi vasitələrlə aradan qaldırdı və hazırda Ermənistanla sülh gündəliyi üzrə danışıqlar aparılır”, — o qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr də multilateral diplomatiyanın uğurlu nümunələrindən biridir.
Onun sözlərinə görə, Xəzər regionundan Aralıq dənizinə qədər uzanan enerji layihələri müxtəlif ölkələrin əməkdaşlığı nəticəsində reallaşıb və qlobal enerji təhlükəsizliyinə töhfə verib.

Hacıyev əlavə edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı da genişləndirir və ötən il ölkə Mərkəzi Asiya Məşvərət Platformasına tamhüquqlu üzv kimi qəbul olunub.
“Bizim üçün orta güc anlayışı ölkənin ölçüsü və ya hərbi imkanları ilə deyil, problemlərin həllinə yönəlmiş yanaşma və regional və qlobal gündəliyə müsbət töhfə vermək iradəsi ilə ölçülür”, —  Hacıyev bildirib.

Gülnar Nazimqızı

Seçilən
39
anews.az

1Mənbələr