XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” panelində Norveçin sabiq baş naziri Kyell Maqne Bondevik çıxış edib.
Musavat.com bildirir ki, Bondevik çıxışında dünya səviyyəsində beynəlxalq nizamın ciddi şəkildə sarsıldığını bildirib.
Bondevik vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra yaradılmış BMT, İnsan Hüquqları Bəyannaməsi və digər beynəlxalq konvensiyalar artıq əvvəlki effektivliyini itirib. Hazırkı vəziyyəti “bəyan edilmiş nizamsızlıq” kimi xarakterizə edən sabiq baş nazir, qlobal stabilliyin təmin olunmasında ciddi boşluqların mövcud olduğunu qeyd edib:
“Hazırda beynəlxalq arenada hökm sürən xaos, qlobal nizamın olmaması çox təhlükəlidir. BMT və onun struktur elementləri zəifləyib, gərginliklərin qarşısını almaqda kifayət qədər təsirli deyillər".
Bondevik BMT Təhlükəsizlik Şurasının hazırkı strukturunu xüsusilə tənqid edib. O bildirib ki, Afrika, Latın Amerikası və Ərəb ölkələrinin daimi üzv kimi təmsil olunmaması balanssızlıq yaradır:
“Yeni dayanıqlı beynəlxalq nizam və ədalətli güc balansı üçün Təhlükəsizlik Şurasının yenidən təşkilinə ciddi ehtiyac var”.
Sabiq baş nazir həmçinin regional təşkilatların gələcəkdə qlobal təhlükəsizlik məsələlərində daha effektiv rol oynayacağını bildirib. Onun sözlərinə görə, regional qurumlar qlobal qurumlardan daha çevik qərarlar qəbul edə bilər və təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayacaq:
“Gələcəkdə qlobal deyil, regional təhlükəsizlik strukturları ön plana çıxacaq. Daha kiçik, lakin effektiv BMT sistemi üçün buna hazır olmalıyıq".
Bondevik, dayanıqlı inkişaf və ədalətli qüvvələr balansının qorunmasının yalnız hüquqi və struktur islahatlarla mümkün olduğunu vurğulayıb:
“Yeni beynəlxalq nizamın yaradılması və qlobal stabilliyin təmin olunması üçün BMT-nin və Təhlükəsizlik Şurasının yenidən təşkili qaçılmazdır”.
Xalidə Gəray
Musavat.com