Romano Prodi: BMT-nin nüfuzu getdikcə azalır
“BMT-nin nüfuzu getdikcə azalır, Təhlükəsizlik Şurası isə veto hüququ səbəbindən tez-tez iflic vəziyyətinə düşür”. 1news.az xəbər verir ki, bunu İtaliyanın sabiq Baş naziri və Avropa Komissiyasının keçmiş sədri Romano Prodi XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. O bildirib ki, 1990-cı illərdən bəri siyasi fəaliyyətinə nəzər saldıqda Birləşmiş Millətlər Təşkilatının səlahiyyətlərinin addım-addım zəiflədiyinin şahidi olub. Onun sözlərinə görə, müxtəlif baş katiblərin təşkilata böyük bağlılığı olsa da, qurum getdikcə daha aciz vəziyyətə düşür. Prodi qeyd edib ki, bu tənəzzül müəyyən mənada BMT Təhlükəsizlik Şurasının rolundakı dəyişikliklə bağlıdır: “Bir növ əmək bölgüsü formalaşıb – kiçik problemlər BMT-yə həvalə olunur, böyük qlobal böhranlar isə Təhlükəsizlik Şurasının ixtiyarına verilir”. O vurğulayıb ki, BMT-nin dekolonizasiya və sülhməramlılıq sahəsində mühüm tarixi xidmətləri olub və təşkilat Afrikada çoxsaylı faciələrin qarşısını alıb. Lakin onun sözlərinə görə, real güc Təhlükəsizlik Şurasında cəmləşib və bu qurum çox vaxt veto hüququ səbəbindən iflic vəziyyətinə düşür. “Veto hüququ olan istənilən qurum mahiyyət etibarilə gücsüzləşir. Şura toplananda əsas sual çoxluğun nə istədiyi deyil, kimin vetodan istifadə edəcəyidir”, – deyə o bildirib. Prodi hesab edir ki, Qlobal Cənub və Latın Amerikasının Təhlükəsizlik Şurasında təmsilçiliyinin artırılması müsbət addım olsa da, veto hüququ qaldıqca bu, iflici daha da dərinləşdirəcək. O əlavə edib ki, qərar qəbuletmə prosesində veto hüququnun mənfi təsiri Avropa İttifaqında da müşahidə olunub. Onun sözlərinə görə, idarəetmənin Komissiyadan Şuraya keçməsi milli maraqların üstünlük qazanmasına və qərarların qəbulunun çətinləşməsinə səbəb olub. Prodi bildirib ki, Avropada bu problem müəyyən mənada Şengen Sazişi və Avro zonası kimi təşəbbüslərlə aradan qaldırılıb: “Avro son 30 ilin ən mühüm qərarlarından biridir və o, yekdilliklə deyil, səs çoxluğu ilə qəbul edilib”. O, həmçinin müasir demokratiyanın “qısamüddətli hədəflər” böhranı ilə üzləşdiyini bildirib. Prodi qeyd edib ki, bir çox hallarda siyasi qərarlar uzunmüddətli strategiyalara deyil, daxili seçki dövrlərinin təsirinə əsaslanır. Bununla yanaşı, o vurğulayıb ki, dünyada iqtisadi maraqlara əsaslanan siyasətdən identiklik siyasətinə keçid müşahidə olunur və bu yanaşma siyasi proqramlardan daha çox “biz kimik” sualını ön plana çıxarır. Prodi siyasətdə pulun rolunun artmasının demokratiya üçün ciddi risk yaratdığını da qeyd edib: “Bu tendensiya davam etsə, gələcəkdə bülletenlərlə deyil, bank hesabları ilə səs veriləcək və ən varlılar ən böyük gücə sahib olacaqlar”. Sonda o bildirib ki, qlobal institutların iflic vəziyyətindən çıxması üçün Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və YUNESKO kimi BMT-yə bağlı qurumların gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, ABŞ-nin bəzi beynəlxalq qurumlardan geri çəkilməsi fonunda belə təşkilatların yenidən təşkil olunması mühüm əhəmiyyət daşıyır.