AZ

Özbək “həkim”in Bakıda yaratdığı qalmaqal: əl enerjisi həqiqətən varmı?

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Bakıda “Bİ ES VİP” estetik klinikasında 60 manata əl enerjisi ilə “müalicə” etdiyi iddia olunan özbək “həkim” üçün izdiham yaşanıb. Onlarla insan müxtəlif nahiyələrdəki ağrılarla bağlı qəbula yazılıb və bu üsulla müalicə almağa çalışıb. Daha sonra həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bəs dünya təcrübəsində bu cür “müalicə” üsulu praktik olaraq mümkündürmü?

Mövzu ilə bağlı terapevt həkim Zakir Quliyev Bakupost.az-a bildirib ki, “əl enerjisi ilə müalicə” anlayışı elmi tibbdə sübut olunmuş metod deyil.

“Müasir tibbdə hər hansı müalicə üsulunun effektivliyi klinik tədqiqatlar və təkrar edilə bilən nəticələrlə təsdiqlənməlidir. İnsan orqanizmindən əllər vasitəsilə xüsusi bir ‘enerjinin’ ötürülərək xəstəlikləri sağaltması barədə elmi sübut yoxdur”, – deyə həkim bildirib.

Zakir Quliyevin sözlərinə görə, bəzi insanlar belə “müalicə”dən sonra özlərini daha yaxşı hiss etdiklərini bildirə bilərlər. Lakin bu hal psixologiyada və tibbdə “placebo effekti” kimi tanınan fenomenlə izah olunur.

“Yəni insan müalicə aldığına və yaxşılaşacağına inandığı üçün beyində müəyyən biokimyəvi reaksiyalar baş verir və ağrı və ya narahatlıq hissi müvəqqəti azalır. Bu isə real tibbi müalicə demək deyil və xəstəliyin səbəbini aradan qaldırmır”.

Həkim qeyd edib ki, dünya təcrübəsində “bioenerji”, “enerji ilə sağaltma”, “Reiki” kimi alternativ praktikalar mövcuddur. Lakin bunların heç biri elmi baxımdan təsdiqlənmiş tibbi metod hesab olunmur.

“Bir çox ölkələrdə belə şəxslərin həkim kimi fəaliyyət göstərməsi qanunsuzdur və insan sağlamlığı üçün riskli sayılır”, – deyə o əlavə edib.

Z.Quliyev vurğulayıb ki, vətəndaşlar sağlamlıq problemləri ilə bağlı yalnız tibbi təhsili olan və lisenziyaya malik həkimlərə müraciət etməlidirlər.

“Xüsusilə ağrı və ya digər ciddi simptomlar olduqda alternativ və elmi əsaslandırılmamış üsullara ümid etmək xəstəliyin gec diaqnoz qoyulmasına və ağırlaşmasına səbəb ola bilər”.

Lalə,BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
1
www.bakupost.az

2Mənbələr