AZ

Şöhrət üçün Həcc, görüntü üçün namaz, sağlıq üçün oruc...

Yazını böyüt
Yazını kiçilt

Əlamətdar vaxtlarda bəziləri dindən, ibadətdən sui-istifadə edirlər”

Müqəddəs Ramazan ayı artıq sona yaxınlaşır. Müsəlman aləmi səbirsizliklə Ramazan Bayramını gözləyir. Bir ay boyunca davam edən oruc, ibadət və mənəvi saflaşma dövrü insanlara səbir, mərhəmət və paylaşmağın əhəmiyyətini bir daha xatırlatdı. Bu ay ərzində insanlar ehtiyacı olanlara yardım edir və daha çox xeyirxah işlər görməyə can atırlar. Məscidlərdə qılınan namazlar, edilən dualar və verilən fitrə sədəqələri cəmiyyətdə birlik və həmrəylik hissini gücləndirir.

Ümumiyyətlə, müşahidələr nəyi göstərir? İbadətimiz yalnız namaz və orucla tamamdırmı?

Mövzu ilə bağlı Hafta.az-a danışan ilahiyyatçı Tural İrfan deyir ki, ibadəti yalnız namaz və orucla məhdudlaşdırmaq İslamın mahiyyətini təhrif etməkdir.

Beləki, Qurana görə elm öyrənmək, sözün hər mənasında bütün növ yaxşılıqlar etmək, cəmiyyətə fayda vermək də ibadətdir.

İlahiyyatçı vurğulayıb ki, dinin məqsədi məscidə çəkilib ömrünü namazla keçirən, passiv sosial həyat sürən insan yetişdirmək yox, cəmiyyət üçün faydalı, nümunəvi əxlaqa sahib, əlindən və dilindən heç kəsin zərər görmədiyi kamil insan yetişdirməkdir:

“Özündən çox başqalarına fayda verən insan əsl mömindir. Əsl mömin əməli və nümunəvi əxlaqı ilə ictimai faydalı olan kəsdir. Ziyan vurmamağın özü də bir xeyirdir, ibadətdir. İslam dinində ibadətlər çoxdur. Bunlardan yalnız oruc və namazı önə çıxarıb digərlərini kənara qoymaq olmaz. Quranda ilk əmr təhsildir. İlk vəhy oxumağa əmr edir. Demək, ibadətlərə başlamaq üçün mütləq təhsil lazımdır ki, ibadətin mahiyyətini, qaydasını öyrənə biləsən. Nəticə budur ki, təhsil də tədris də ibadətin giriş hissəsidir. Ən əsası isə əsl ibadət təkcə özün üçün deyil, başqaları üçün də faydalı olmağı bacarmaqdır. İstər maddi, istər mənəvi yöndən cəmiyyətə xeyir verməkdir. Məsələn, insanlar bir-birindən namaz qılıb-qılmaması haqda soruşurlar. Amma zəkat verib-vermədiyi barədə soruşmurlar. Belə çıxır ki, nəfsə rahat gələn, göstəriş və reklam edilə bilən ibadət namaz olduğu üçün bəziləri bu ibadəti hansısa davranışlarını örtmək üçün pərdələməyə qərar veriblər. Halbuki namazla zəkat Quranda mütəmadi şəkildə eyni xatırlanır və təkidlə əmr olunur”.

İlahiyyatçı qeyd edir ki, zəkat imkanlı şəxslər üçün Həcc ibadətindən əvvəl əmr olunub:

“Zəkat, varlının malındakı kasıbın haqqıdır. Əgər bu haqqı kasıba çatdırmayıb özü yeyirsə haram, Həcc kimi səfərlərə sərf edirsə batildir. Zəkat da bir ibadətdir. Özü də fərz, yəni vacibdir. Malın dəyəri və miqdarına görə ildə bir dəfə verilmə nisabı, ölçüsü vardır. Mal, heyvan, qızıl, gümüş və digər məhsulların da zəkatı vardır. Məktəb və məzhəblərə görə miqdarında cüzi fərqlər olsa da, zəkatın fərz bir ibadət olmasında heç bir ixtilaf yoxdur. Zəkat cəsarət və səxavət, iman tələb edən ibadətdir. Hər müsəlman bu ibadəti layiqincə yerinə yetirə bilmir. Şöhrət üçün Həccə getmək, görüntü üçün namaz qılmaq, sağlıq üçün oruc tutmaq asandır. Amma malından vermək nəfsə, tamaha qalib gəlmək tələb etdiyi üçün çoxları üçün çətindir”.

T.İrfan deyir ki, bəzən də Ramazan kimi əlamətdar vaxtlarda bəziləri dindən, ibadətdən sui-istifadə edirlər, maddi qazanc naminə mənəviyyatlarını qurban verirlər:

“Xüsusən Ramazanda qazanılan günah daha ağırdır. Bu ayda savab qazana bilməsən belə gərək günah da qazanmayasan. Çünki digər aylara rəğmən bu ayda savablar kimi günahların da qarşılığı böyükdür. Ramazanda bir var, fürsətcillik edib artıq maddi gəlir naminə süni şəkildə qiymətləri qaldırıb lənət qazanasan; bir də var, endirim və güzəştlər edib Allahın razılığını və rəhmət qazanasan. İkisi də qazancdır - biri maddi, ötəri dünya qazancı, digəri mənəvi, əbədi axirət qazancı. Odur ki, insanlar gərək bu ayda daha çox ictimai fayda vermiş olsunlar. Qurana görə valideynlərə qulluq etmək, yardıma ehtiyacı olana əl tutmaq, yetimə yardım etmək, elm öyrənmək, təhsil almaq, ailənin ruzisi üçün çalışmaq da ibadətdir. Yoxsa ki, ibadəti ancaq oruc və namaza bağlamaq dinin geniş imkan və mahiyyətini məhdudlaşdırmaqdır ki, bu da ən böyük təhrifdir. İslam dini ictimai fəaliyyəti fərdi fəaliyyətdən daha üstün tutur. Başqalarına fayda verməyi də ibadət hesab edir. Çünki bu, cəmiyyətin ümumi nizamı üçün zəruridir”.

Arzu Zeynallı

Seçilən
37
hafta.az

1Mənbələr