"Dövlət İmtahan Mərkəzinin imtahanlarında demək olar ki, dinləmə qurğuları və s. illərdir tətbiq olunur. Çox vaxt abituriyentlər orta məktəbdə dərs metodikasında bu cür dinləmə əsaslı xarici dil öyrənməsi olmadığı və ya az olduğu üçün dinləmə zamanı problem yaşayırlar. Amma bunu Dövlət İmtahan Mərkəzi ilə əlaqəli bir problem hesab etmirəm".
Bu fikirləri Redaktor.az-a martın 9-da keçirilən buraxılış imtahanında ingilis dili üzrə dinləmə qurğularında problem olması barədə danışan təhsil eksperti Elçin Süleymanov bildirdi.
Onun sözlərinə görə, istifadə olunan səs qurğuları illərdir tətbiq olunur:
"Buna görə də fərdi və ya münfərid qaydada problem olan siniflər ola bilər, lakin bunu ümumi problem kimi qiymətləndirmək çətindir. Digər bir nüans da odur ki, ictimaiyyətdə sualların çətin olması, əvvəlki illərlə müqayisədə fərqli olması ilə bağlı müzakirələr var. Qeyd etdiyim kimi, abituriyentlərin hamısı həmin imtahana daxil olur və suallar çətin olduğu zaman bu hamının balına təsir göstərir, nəticədə keçid balına da təsir edir. Yəni burada sualların asan olub yüksək bal toplamaq və ya çətin olub daha aşağı bal toplamaq ixtisas seçiminə ciddi təsir göstərmir.
.jpg)
Burada əsas məsələ imtahana girənlər arasında ən yaxşı nəticə göstərənlərin, məsələn, bir faiz və ya on faiz daxilində olanların mövqeyidir. Eyni zamanda ən aşağı nəticə göstərənlərin neçə bal toplamasından daha çox, onların imtahana girənlər arasında hansı mövqedə olması əhəmiyyət daşıyır. Buraxılış imtahanı hələ ki, ilk imtahandır. Digər mərhələdə blok imtahanları keçirilir və bildiyiniz kimi blok imtahanları iki dəfə təşkil olunur. Bu da abituriyentlərə əlavə şans verir. Buna görə də bütün imtahanlar başa çatmadan və ümumi bal formalaşmadan hər hansı ilin imtahanının çətin və ya asan olduğunu demək düzgün olmaz".
Nuriyyə NATİQQIZI