AZ

KOMİTƏ SƏDRİNİN QƏZALI MƏKTƏBDƏ GÖRÜŞÜ... Görəsən seçicilərə nə vəd verib? + FOTOLAR

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Fotolarda gördüyünüz Lənkəran rayonu Aşağı Nüvədi kəndindəki orta məktəbdir. Məktəbdə seçicilərlə, yəni kənd sakinlərilə görüş keçirən isə 78 saylı Lənkəran Kənd Seçki Dairəsindən deputat olan Anar İsgəndərovdur…

Əvvəlcə qeyd edək ki, bu kənd Lənkəran şəhərinin mərkəzindən cəmi 6 kilometr məsafədə, magistral və dəmir yolunun kənarında yerləşir. Yəni, hansısa ucqar, çətin gedib çıxılan dağ kəndi deyil. Əksinə, kifayət qədər əlverişli mövqeyə və əraziyə mailkdir. Kənddə rəsmi statistikaya görə, 4 minə yaxın əhali yaşayır. Lakin fotolardan göründüyü kimi, kəndin məktəbi, yumşaq desək, bərbad vəziyyətdədir. Dərs otaqları uçub tökülür, fotoların birində deputatın arxasındakı lövhədən üstdə divarın suvağının qopub düşdüyü aydın görünür. Sinif partalarından divarlara, döşəməyə, qapı və pəncərəyə qədər hər şey köhnə, dağılmış, təmirsiz vəziyyətdədir. Sanki məktəb binası İkinci Dünya müharibəsindən əvvəl tikilib və o vaxtdan təmir görməyib.

Və bu acınacaqlı mənzərə fonunda deputat Anar İsgəndərov seçicilərlə görüş keçirir. Orada seçicilərə nə dediyini, hansı inkişafdan, rifahdan, nailiyyətlərdən, eləcə də öz fəaliyyətindən nə danışdığını və onlara hansı vədlər verdiyini bilmirik. Amma açıq aydın görürük ki, onun səliqəli, ütülü, qalstuklu-kostyumlu görkəmi ilə məktəb binasının nimdaş görkəmi ziddiyyət və qəribə kontrast təşkil edir.

Kənd sakinləri ağızlarını açıb heç bir şikayət, narazılıq, xahiş etməsələr belə, məktəbin divarları onların əvəzinə danışır, haray çəkir və məktəbin bu vəziyyətinə göz yuman, uşaqları uzun illərdir belə acınacaqlı vəziyyətdə təhsil almağa məhkum edən səlahiyyət sahiblərini qınayır.

Bu səlahiyyət sahiblırindən biri də elə millət vəkilinin özüdür. Çünki artıq ikinci çağırışdır deputat olan Anar İsgəndərov sıravi deputatlardan deyil, o həm də Milli Məclisin “Elm və təhsil Komitəsi”nin sədridir. O da başa düşməmiş deyil ki, belə şəraiti olan məktəbdə təhsilin səviyyəsi də elə onun ümumi vəziyyətindən artıq ola bilməz. Görəsən, A.İsgəndərov Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri kimi bu məktəbdə seçiciləri qarşısında çıxış edəndə hansı hissləri keçirib?...

Doğrudur, millət vəkili bina tikən, təmir edən deyil. Lakin ən azından təmsil etdiyi dairənin əhalisinin adından və parlamentdəki yüksək vəzifə sahibi kimi öz adından Təhsil Nazirliyi başda olmaqla müvafiq qurumların qarşısında məsələ qaldıra, yaxud heç olmasa imkanlı şəxsləri, Lənkərandan olan iş adamlarını cəlb edərək, bu məktəbin təmiri üçün hansısa işlər görə bilərdi. Görübmü?

Görünür, sadəcə, məktəbin uçuq, sınıq-salxaq binasına 10-15 “məsləhət bilinən” adamı yığıb onların qarşısında çıxış etmək və şəkil çəkdirməklə, sonra da (böyük ehtimalla) hansısa bahalı avtomobilə oturub oradan uzaqlaşmaqla “millət vəkilliyi borcu” yerinə yetirilmiş hesab oluna bilər…

Cəlal Məmmədli

“AzPolitika.info”   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
azpolitika.info

1Mənbələr