ain.az bildirir, Azertag portalına istinadən.
İstanbul, 12 mart, AZƏRTAC
Bu gün enerjidə olduğu kimi iqlim məsələsində də kritik bir dövrdəyik. Dünyamızda meydana gələn meşə yanğınları, quraqlıq, su çatışmazlığı, bioloji müxtəlifliklərin itirilməsi qida və enerji sahələri üzərində təzyiq yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə COP31-in sədri və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
Onun sözlərinə görə, bu gün quraqlığın dünyaya vurduğu illik zərər 307 milyard dollar səviyyəsindədir.
“Təxminən 4 milyard insan ilin ən az bir ayı ərzində ciddi su qıtlığı ilə qarşılaşır. 2024-2025-ci illər arasında baş verən yanğınlarla 3,7 milyon kvadrat kilometr meşə sahəsi məhv olub. 1990-cı illərin əvvəlindən indiyədək böyük göllərin yarısından çoxu kiçilib. Qlobal enerji sistemləri də ciddi təzyiq altındadır. Artıq etibarlı və yaşıl enerji sistemlərinin qurulması seçim deyil, zərurətdir. Tək enerji sahəsinə bağlılığı aradan qaldıraraq daha etibarlı enerji ekosistemi qurmaq məcburiyyətindəyik. Enerji və iqlim problemləri bir-birinin alternativi deyil, bir-birini tamamlayan iki ünsür kimi müzakirə ediləcək. Braziliya və Azərbaycanın sədrlikləri ilə, eləcə də avstraliyalı həmkarlarımızla koordinasiyalı istər COP30-da alınan, istərsə də COP31-də həyata keçirilməsi nəzərdə tutulan bütün istiqamətlər üzərində birgə fəaliyyət göstəririk. Bu baxımdan bu günə qədər keçirilən bütün COP-larda alınan qərarları diqqətdə saxlayacağıq”, - deyə Murat Kurum bildirib.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.