AZ

İşəgötürənlər əməyin mühafizəsinin əhəmiyyəti barədə məlumatlandırılıblar

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər və onların nümayəndələri üçün maarifləndirici tədbir təşkil olunub.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, “ƏMAS-ın funksionallığı və yeniliklər”, “İş yerlərində əməyin mühafizəsi” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularına həsr olunmuş tədbirdə Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, həmçinin Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşları təqdimatlarla çıxış edərək iştirakçıları müvafiq istiqamətlər üzrə məlumatlandırıblar.

Çıxışlar zamanı “Əmək və məşğulluq” altsisteminin imkanları, funksional bölmələri və sistemdə tətbiq edilən son yeniliklər barədə ətraflı məlumat verilib. Eyni zamanda, qeyri-formal məşğulluğun yaratdığı risklər, bu sahədə mövcud problemlər, hüquqi məsuliyyət və inzibati nəticələr iştirakçıların diqqətinə çatdırılıb, habelə həmin halların qarşısının alınması sahəsində görülən tədbirlər barədə məlumat verilib.

Tədbir çərçivəsində müəssisələrdə əməyin mühafizəsi işinin təşkili, işçilərin təlimatlandırılması, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları və təhlükəsiz əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat təqdim olunub.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövcud qanunvericiliyin tələbləri ilə bağlı əlavə izahlar verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
azertag.az

1Mənbələr