AZ

Avropanın “nüvə çətiri” Bakıdan asılıdır

Fransanın Avropa üçün “nüvə çətiri” layihəsi çərçivəsində Transxəzər marşrutundan istifadə edilməsi nəzərdə tutulursa, bu, birbaşa Azərbaycan ilə əməkdaşlıq tələb edir.

Lakin son illərdə Parisin Ermənistan ilə yaxınlaşması və regiondakı siyasəti Bakı ilə münasibətlərin gərginləşməsinə səbəb olub. Bu amil layihənin Azərbaycandan keçəcək xammal və ya aviasiya resurslarının təminatını çətinləşdirə bilər, həmçinin siyasi tərəfdaşlıq baxımından risklər yaradır. Yəni Fransa üçün Transxəzər marşrutunun istifadəsi yalnız texniki və logistika məsələsi deyil, həm də regional diplomatiya və etibar məsələsidir.

Bununla belə, ekspertlər hesab edirlər ki, Parisin bu planlarını reallaşdırması bir sıra ciddi çətinliklərlə üzləşə bilər. Əsas problemlərdən biri Fransanın nüvə sənayesi üçün vacib xammal olan uran ehtiyatlarının təminatıdır. Uzun illər Fransanın əsas uran mənbələrindən biri olan Niger üzərində Parisin təsir imkanlarının azalması bu istiqamətdə yeni risklər yaradıb.

Alternativ variant kimi Qazaxıstan nəzərdən keçirilsə də, uranın Avropaya çatdırılması həm logistika, həm də geosiyasi baxımdan mürəkkəb hesab olunur. Xüsusilə də daşınma marşrutlarının böyük hissəsinin müxtəlif siyasi və iqtisadi risk zonalarından keçməsi layihənin praktik həyata keçirilməsini çətinləşdirir.
Əlavə olaraq, bu vəziyyət Azərbaycanın öz geosiyasi maraqlarını qorumaq imkanlarını da gündəmə gətirir: Bakı Fransanın layihədə uğurlu iştirakı üçün müəyyən şərtlər qoya və ya alternativ marşrutlara üstünlük verə bilər. Bu isə layihənin effektivliyi və Avropanın kollektiv müdafiə mexanizminə təsirini bir qədər məhdudlaşdıra bilər.

gunay-agamali-qurultayda-bas-verenlerle-bagli-beyanat-yaydiMilli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı Musavat.com-a dedi ki, Fransanın Avropa üçün təklif etdiyi “nüvə çətiri” strategiyası müasir geosiyasi reallıqlar fonunda birbaşa Transxəzər marşrutunun təhlükəsizliyindən və əlçatanlığından asılı vəziyyətə düşüb: “Parisin son illərdə Ermənistan ilə yaxınlaşması və regionda yürütdüyü birtərəfli siyasət Bakı ilə münasibətlərdə ciddi gərginlik yaradaraq bu strateji layihənin qarşısında böyük maneəyə çevrilib. Uran ehtiyatlarının təminatı məsələsində Niger kimi ənənəvi mənbələrini itirən Fransa üçün Qazaxıstan yeganə real alternativ kimi çıxış edir. Lakin bu xammalın Avropaya çatdırılması Azərbaycanın logistik imkanlarından və siyasi iradəsindən kəskin şəkildə asılıdır. Bakı öz geosiyasi maraqlarını qorumaq məqsədilə bu marşrut üzərində xüsusi şərtlər müəyyən etmək və ya alternativ daşınma istiqamətlərinə üstünlük vermək imkanına malikdir.

Bu asılılıq Fransanın enerji müstəqilliyini birbaşa Cənubi Qafqazın sabitliyinə bağlayır. Qazaxıstan Uranının dünya bazarına çıxarılması üçün Rusiyadan keçən marşrutlara alternativ axtarışı Orta Dəhlizin strateji çəkisini artırır. Azərbaycan bu xəttin mərkəzi halqası olaraq, strateji yükdaşımaların təhlükəsizliyini təmin edən yeganə qapı statusunu daşıyır. Parisin regiondakı balansı pozan addımları bu logistik zəncirin qırılması riskini yaradır və Fransanın nüvə sənayesinin xammal tədarükünü çətinləşdirir. Uran tədarükü zəncirində yaranacaq hər hansı bir fasilə Avropanın kollektiv müdafiə sisteminin həm maliyyə, həm də texniki tərəflərinə sarsıdıcı zərbə vurmağa qadirdir”.

Deputatın sözlərinə görə, Azərbaycanın malik olduğu bu üstünlük Bakıya regional diplomatik müstəvidə ciddi manevr imkanları qazandırır: “Paris öz nüvə ambisiyalarını reallaşdırmaq üçün Bakı ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq modelinə qayıtmaq məcburiyyətindədir. Transxəzər marşrutunun istifadəsi texniki keçid imkanı ilə bərabər, həm də Fransanın Azərbaycanın suverenliyinə və regional maraqlarına münasibətinin göstəricisidirr. Beləliklə, Avropanın gələcək təhlükəsizlik arxitekturası və Fransanın nüvə gücünü qoruyub saxlaması Bakının strateji razılığından və iki ölkə arasındakı münasibətlrin normallaşmasından birbaşa asılıdır”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
49
musavat.com

1Mənbələr