Bu gün XIII Bakı Qlobal Forumu çərçivəsində “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət, Yeni Məsələlər, Yeni Çağırışlar” adlı panel müzakirəsi keçirilib.
APA xəbər verir ki, panel müzakirəsində çıxışçılar mövzu ilə fikirlərini bölüşüb.
Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horte beynəlxalq hüququn inkişaf yolundan danışıb: “Biz ÜTT-yə üzv olmaq istəyirik, bu istəyimizlə razılaşmayanlar var. Amma onlar başa düşmür ki, bizim kimi kiçik dövlətlər ancaq qaydalarla, beynəlxalq hüquqla ayaqda qala bilər. Bu gün beynəlxalq hüququn vəziyyəti fəlakətə bənzəyir. Bütün dünyada milyonlarla insan öz yurdundan didərgin düşür, uşaqların məcburi əməyə cəlb olunması halları artıb. Ən az inkişaf etmiş ada dövlətlərinin borclarına yenidən baxmalıyıq. Bu gün İranda baş verən hadisələrə bütün dünyaya öz fəsadını verəcək, eləcə də bizə”.
Belçikanın keçmiş Baş naziri, Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel diqqətə çatdırıb ki, Avropa İttifaqı Şurasının söykəndiyi bütün prinsiplər dağılmaqdadır, beynəlxalq hüquq hər gün təhdidə və təcavüzə məruz qalır: “Strateji alternativlər əsasında düşünülməlidir, qərarlar verilməliidir. Aİ və ABŞ arasında birbaşa əlaqələr dəyişir. ABŞ-la strateji ittifaq dəyişir, Aİ daha müstəqil qərarlar qəbul etməlidir. Yaxın Şərqdəki vəziyyət, Venesuela, Qrelandiyada fikir ayrılıqlarını görürük. Aİ ölkələri təhlükəsizlik və müdafiə sahəsində vəziyyəti düzəltməlidir, etibarlı tərəfdaşlıqlar qurulmalıdır. Vaxtilə Rusiyanın mədən yanacağından və Çinin ucuz mallarından asılı idik, düşünürəm bu vəziyyət bitib. Bu gün Aİ Şurasının Prezidenti də ölkələrin ortaq qərara gəlməsi üçün əlindən gələni edir”.
Misirin keçmiş xarici işlər naziri, Ərəb Liqasının sabiq Baş katibi Amre Musa isə qlobal təhlükəsizliyə olan təhdidlərdən bəhs edib və vəziyyətin dəyişməli olduğunu diqqətə çatdırıb: “Qlobal təhlükəsizlik ötən illərdə qlobaı supergüclər tərəfindən müəyyən edilirdi, bu, davam edə bilməz. Qlobal Şimal və Qlobal Cənub arasında uçurum var”.
Amre Musa Yaxın Şərqdə Fələstin adlı dövlət yaranmasa, sülh olmayacağını diqqətə çatdırıb: “İsrail adlı dövlət varsa, Fələstin adlı dövlət də olmalıdır, ikili standartlar aradan qalxmalıdır”.
Avstriyanın sabiq Kansleri Sebastian Kurzun fikrinə görə, BMT-nin zəruriliyinə dəlalət edən amillər hamı üçün qəbul edilir: “Bu gün İran artıq klassik üslubda müharibəni aparmır.
Ümumiyyətlə raket hücumu realist senari kimi ortaya çıxıb. Bu gün bizim hava limanlarına olan hücumları gördük, infrastruktir layihələri ciddi problemlərlə üzləşir. Hazırda olan düzəndə terrorçuluğa qarşı cavab variantını tapmalıyıq”.
Avstriyanın sabiq Baş naziri Alfred Quzenbauer isə qeyd edib ki, ABŞ və Rusiyanın düşməni eynidir: “Bu gün ABŞ da Aİ ilə mübarizə aparır. Biz artıq Qərb haqqında sırf elə liberal demokratiyanın keşiyində dayanan məkan kimi baxa bilmirik, burada sadəcə Aİ qalıb.
Norveçin sabiq Baş naziri Kyell Magne Bondevikin sözlərinə görə, Avropa İttifaqı artıq tək qalıb, ABŞ tutduğu mövqelərdən, təşkilatlardan geri çəkilir: “Bu da təbii olaraq Avropanın bu gün daha çox həmrəy olmasına gətirib çıxarıb. Çünki tək qalmışıq. Düşünürəm ki, gələcəkdə regional təşkilatlar qlobal təşkilatlardan daha böyük rol oynayacaq - xüsusən də təhlükəsizlik məsələsində”.
Sabiq Baş nazir BMT-də, BMT Təhlükəsizlik Şurasının tərkibində dəyişikliklər olmasının vacibliyinə də toxunub.