AZ

Paşinyan: “Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin hazırlanacaq yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad yer almamalıdır.

Bizim.Media xəbər verir ki, o, bu fikirləri cümə axşamı keçirilən brifinqdə səsləndirib.

Baş nazirin sözlərinə görə, Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub və bu yanaşma ilə müstəqil dövlət qurmaq mümkün deyil.

“Çünki Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz bu məntiqlə müstəqil dövlət qurmağa çalışa bilmərik”, – deyə Paşinyan bildirib.
 

Paşinyan qeyd edib ki, həmin sənəddə 1 dekabr 1989-cu ildə qəbul edilmiş qərara istinad var. Həmin qərar Dağlıq Qarabağ ilə bağlı Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurasının “Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarı idi.


Baş nazir hesab edir ki, bu cür istinadlar yeni Konstitusiyada yer almamalıdır və ölkənin hüquqi əsasları daha fərqli məntiq üzərində qurulmalıdır.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar dəyişdirilməsə, İrəvanla sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Bu dəyişiklik regionda uzunmüddətli sülhün təmin olunması üçün Azərbaycanın əsas şərtlərindən biridir.
 

Bununla yanaşı, Ermənistan daxilində bu məsələ ciddi siyasi mübahisələrə səbəb olub. Müxalifət partiyaları və bir sıra ictimai təşkilatlar Konstitusiyaya belə dəyişikliklərin edilməsinə qarşı çıxır. Onların fikrincə, bu addım Ermənistanın milli maraqlarına zidd ola və ölkənin siyasi mövqelərini zəiflədə bilər.


Xaricdə yaşayan erməni diaspor təşkilatlarının bir hissəsi də Paşinyanın Konstitusiya islahatları təşəbbüsünü tənqid edir. Bu səbəbdən onlar İrəvan hakimiyyətini Konstitusiyaya dəyişikliklər etməməyə və mövcud siyasi kursu yenidən nəzərdən keçirməyə çağırırlar.

Bizim.Media

Seçilən
31
bizim.media

1Mənbələr