"Football-plus.az" xəbər verir ki, premyer-liqada “Vulverhempton”a uduzan “Liverpul” kubokda həmin məğlubiyyətin əvəzini çıxdı. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “qırmızılar” meydanın rəqibə aid hissəsində “lövbər saldı”. Topa nəzarət faizi 70 faizə çatsa da, təhlükəli vəziyyətlərin sayı buna uyğun deyildi. 2-ci hissənin əvvəlində axır ki “canavarlar”ın müdafiəsini yarmaq mümkün oldu. Cərimə meydançasının önündə Consdan ötürmə alan Robertson topu uzaq küncə göndərdi. Ardından Robertsonun asmasını uzaq dirək önündə qərarlaşan Salah qolla tamamladı. Cons fərqi darmadağın həddinə çatdırandan sonra oyunun taleyi həll olundu. Yalnız uzatma dəqiqələrində sonradan oyuna qoşulan Hi Çan Hvan qollardan birinin əvəzini çıxdı.
Liqa kubokunun yarımfinalında qarşılaşan “Nyukasl” ilə “Mançester Siti” ölkə kubokunda da üz-üzə gəldi. “Şəhərlilər” dərhal topa nəzarəti ələ keçirdi, meydan sahibləri isə sürətli əks-hücumlara bel bağladı. “Sağsağanlar”ın bu taktikası 18-ci dəqiqədə bəhrə verdi. Cərimə meydançasına daxil olan Barns qapının uzaq yuxarı küncünü “nişan aldı”. Qonaqlardan inadkar Savinyo hissənin sonuna az qalmış hesabı bərabərləşdirdi. 2-ci hissədə isə “Siti”nin misirli ulduzu Marmuş parladı. Qvardiolanın komandası onun dublu sayəsində növbəti mərhələyə adladı. “Nyukasl” isə 2-ci hissədə heç nə ilə yadda qalmadı.
Premyer-liqanın lideri “Arsenal”ın bəxtinə bu mərhələdə 3-cü liqa təmsilçisi “Mansfild” düşmüşdü. Komandalar 10 min yerlik rahat stadionda oynadı. Artetanın meydana buraxdığı eksperimental heyət hissənin sonunda qola sevindi. Martinellinin ötürməsindən sonra Madueke saxlamadan topu tora göndərdi. Amma meydan sahibləri 2-ci hissənin əvvəlində hesabı bərabərləşdirdi. Salmonun Moskeraya ötürməsi zamanı topu ələ keçirən Evans imkanı əldən vermədi. Hadisələrin axarından narazı olan “topçular” böyük qüvvə ilə irəli atıldı. Artetanın əvəzetmələri də hücumu gücləndirməyə xidmət edirdi. Məhz sonradan oyuna qoşulan Eze 66-cı dəqiqədə cərimə meydançasının xətti üzərindən baxımlı qol vurdu. Qalan vaxt ərzində Maklaflinin hərəkəti diqqəti cəlb etdi: o, “Arsenal”ın cərimə meydançasında daxil olandan sonra yerə qaldı, ancaq penalti əvəzinə simulyasiyaya görə sarı vərəqə “qazandı”.
Londonun digər nəhəngi “Çelsi” də çətin qələbə qazandı. Çempionşipdə 6-cı pillədə qərarlaşan “Rekshem” “zadəganlar”a layiqincə müqavimət göstərdi. 18-ci dəqiqədə hesabı açan meydan sahibləri hissənin sonunda kuryoz qol buraxdı. Belə ki, Qarnaçonun uzaq küncə göndərdiyi topu çıxarma istəyən Tomason onu qapıçı Okonkvoya vurdu, nəticədə avtoqol reallaşdı. Maraqlıdı ki, “Rekshem” 78-ci dəqiqədə növbəti dəfə irəli çıxdı. Sadəcə, meydan sahiblərinin qol sevinci uzun sürmədi. Cəmi 4 dəqiqə sonra Açimponq hesabı bərabərləşdirdi. 89-cu dəqiqədə Netonun zərbəsi tirdən döndü. Bəlkə də çempionşip təmsilçisi daha yaxşı nəticəyə ümid edə bilərdi. Sadəcə, 90+3-cü dəqiqədə videotəkrara baxan hakim Qarnaçoya qarşı kobud oynayan Dobsonu birbaşa qırmızı vərəqə ilə meydandan qovdu. Belədə “Çelsi”nin əlavə vaxtda “Rekshem”in müqavimətini qırması gözlənilməz olmadı. Yorulmaq bilməyən Qarnaço 96-cı dəqiqədə komandasını irəli çıxardı. 114-cü dəqiqədə Brantın qolu ofsayd üzündən sayılmayandan sonra “Rekshem” ruhdan düşdü. 85-ci dəqiqədə meydana çıxan Pedro sonuncu uzatma dəqiqəsində “Çelsi”nin 4-cü qolunu vurdu. “Rekshem”i növbəti mövsüm elitada görəcəyimiz istisna olunmur. Hazırda 6-cı yeri tutan komanda bu mövqedən aşağı düşməsə, pley-off oyunlarına qatıla bilər.
1/8 finalın daha bir oyununda elita təmsilçiləri qarşılaşdı. Premyer-liqanın aşkar autsayderi “Vest Hem” “Brentford”u penalti seriyasında keçdi.
Elita klublarından ikisi çempionşip təmsilçisi ilə üz-üzə gəldi. “Fulhem” gözlənilmədən evdə “Sauthempton”a uduzdu. Premyer-liqanın autsayderlərindən “Lids” isə aşağı dəstənin autsayderlərindən “Norviç”i darmadağın etdi. 3-cu divizionda mübarizə aparan “Port Veyl” haqda ayrıca danışmağa dəyər. Bu komanda martın 3-də 1/16 final oyununda çempionşip klubu “Bristol Siti”ni, martın 8-də isə elita təmsilçisi “Sanderlend”i sıradan çıxardı. Maraqlıdı ki, hər iki oyunda qələbə topunu “Nyukasl” azarkeşi kimi tanınan, qolları Şirer kimi qeyd edən Ben Ueyn vurdu. Nəticədə “Port Veyl” 1954-cü ildən bəri ilk dəfə ölkə kubokunda 1/4 finala yüksəldi!
1/16 final oyunu
Port Veyl (D-3) – Bristol Siti (D-2) 1:0, əlavə vaxtda
Ueyn, 112.
1/8 final
Vulverhempton – Liverpul 1:3
Hi Çan Hvan, 90+2 – Robertson, 51. Salah, 63. Cons, 74.
Liverpul: Alisson, Cons, Qomes, Van Diyk (Konate, 81), Robertson, Qravenberx, Makallister (Nyoni, 82), Soboslai, Salah (Frimponq, 69), Qakpo (Morrison, 86), Nqumoa (Virts, 69).
Nyukasl – Mançester Siti 1:3
Barns, 18 – Savinyo, 39. Marmuş, 47; 65.
MS: Trafford, Nunyeş, Xusanov, Stounz, Ake, Niko, Reynders, O’Rayli, Savinyo (Şerki, 79), Marmuş (Semenyo, 73), Dokyu (Foden, 79).
Mansfild (D-3) – Arsenal 1:2
Evans, 50 – Madueke, 41. Eze, 66.
Arsenal: Kepa, Salmon (Timber, 62), Moskera, Kalafyori (Dikson, 76), Madueke, Nerqor, Haverts (Eze, 62), Martinelli, Douman (Saka, 76), Trossar (İnkapye, 38), Jezus.
Rekshem (D-2) – Çelsi 2:4, ə.v.
Smit, 18. Doyl, 78 – Okonkvo, 40-öz qapısına. Açimponq, 82. Qarnaço, 96. Pedro, 120+5.
Çelsi: Sançes, Badyaşil, Adarabioyo, Sarr (Giyu, 58), Hato (Kukurelya, 65), Açimponq (Hüsto, 85), Lavia (Essuqu, 65), Santos, Qarnaço, Neto (Derri, 100), Delap (Pedro, 85).
Vest Hem – Brentford 2:2
Bouen, 19; 34-p. – Tyaqo, 28; 81-p.
Fulhem – Sauthempton (D-2) 0:1
Stüart, 90.
Lids – Norviç (D-2) 3:0
Lonqstaff, 32. Qudmundsson, 43. Piru, 85.
Port Veyl (D-3) – Sanderlend 1:0
Ueyn, 28.
1/4 finalda bu cütlər qarşılaşacaq: Sauthempton (D-2) – Arsenal, Çelsi – Port Veyl (D-3), Mançester Siti – Liverpul, Vest Hem - Lids. Bu mərhələnin oyunları aprelin 4-5-də keçiriləcək.
Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Topa daha çox nəzarət etdik. Rəqib cəmi bir qol vəziyyəti yaratdı və onu da vurdu. Ötən oyunla müqayisədə daha çox təhlükəli vəziyyət yaratdıq, bu üzdən bu gün qalib gələ bildik. Üç gün əvvəl duyğularım tam fərqli idi. Ölkə kubokunda 1/4 finala vəsiqə qazanmaq çox xoşdu”.
Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Kombinasiyalar zamanı çox effektli oynadıq, xüsusən də Savinyo ilə Dokyu. Mənim çalışdığım dövrdə bu stadionda keçirdiyimiz ən yaxşı oyun idi. İkinci hissənin əvvəlində qol vurmağımız qələbədə önəmli rol oynadı. Ümumilikdə bütün futbolçular çox yaxşı göründü”.