AZ

Rəqəmsal hesabatların kölgəsində qalan təhsil: Statistik müəllim, yorğun abituriyent

İctimaiyyətin gündəmə gətirdiyi bu mövzu, əslində təkcə builki buraxılış imtahanlarının texniki tərəfi deyil, bütövlükdə bir nəslin gələcək ümidlərinin və illərlə çəkdiyi zəhmətin sınağa çəkilməsi hekayəsidir. Lakin bu mənzərənin pərdəarxası daha dramatikdir. Bu gün abituriyentlərin imtahan zalındakı gərginliyi ilə yanaşı, məktəblərdə “statistik rəqəmlərin” əsirinə çevrilmiş, texniki problemlərlə baş-başa qalmış müəllim ordusunun da səsi eşidilməlidir. Elm və Təhsil Nazirliyinin yaratdığı yeni şərait müəllimi pedaqoji fəaliyyətdən çox, bürokratik hesabatların və rəqəmsal labirintlərin içində itirib.

 

Xüsusilə elektron jurnala keçid prosesi, ideya olaraq müasir görünsə də, tətbiqdə müəllimlər üçün əsl sınağa çevrilib. Kompyuterçatışmazlığı, tez-tez kəsilən internet və sistemin ağırlığı müəllimi dərs izah etməkdən çox, “xanaları doldurmaq” missiyası ilə üz-üzə qoyub. Müəllim artıq şagirdin qəlbinə yol tapan bir pedaqoq deyil, statistik rəqəmləri nizama salan bir texniki işçi statusuna sıxışdırılıb. Bu texnoloji “əsir-yesirlik” fonunda şagirddən yüksək analitik nəticə gözləmək nə dərəcədə realdır?

İmtahan suallarının ağırlığı və zamanın azlığı ilə bağlı narazılıqlar məhz bu bazanın üzərində yüksəlir. Abituriyentlərin imtahan vərəqlərindəki sonsuz oxuyub-anlama mətnləri, əslində məktəbdə kifayət qədər diqqət ala bilməyən, texniki yüklə yorulmuş müəllimin yetirməsinin qarşısına qoyulan keçilməz səddir. Şagird on bir il ərzində dərsliklərdəki sadə informasiya ilə imtahan zalındakı mürəkkəb situasiyalar arasında qalanda, onun yanında olan müəllim də zatən statistik hesabatların yükü altında əzilməkdədir.

Valideynlər isə çox vaxt məsələnin bu dərin mahiyyətinə varmadan, problemin kökünü görmədən ümumi narazılıq axınına qoşulub gedirlər. Onlar övladının topladığı balların azlığında yalnız şagirdi və ya sualları günahlandırırlar, lakin müəllimin hansı şəraitdə “dərs keçməyə çalışdığını”, məktəblərdəki texniki infrastrukturun zəifliyini nəzərə almırlar. Bu, bir zəncirdir: internetin kəsilməsi müəllimi yorur, müəllimin yorğunluğu tədrisin keyfiyyətinə təsir edir, nəticədə isə abituriyent imtahandakı o qəliz mətnlərin içində boğulur.

Builki imtahan marafonu başa çatsa da, abituriyentlərin qəlbində və yaddaşında buraxdığı izlər hələ uzun müddət müzakirələrin mərkəzində qalacaq kimi görünür. Çünki ortada olan narazılıq sadəcə bir neçə çətin sualın doğurduğu təsadüfi emosiya deyil, sistemli şəkildə formalaşan və hər il daha da ağırlaşan bir “imtahan yükünün” təzahürüdür. Abituriyentlərin imtahan zalından çıxarkən üzlərindəki yorğunluq və məyusluq, onların yalnız bilik səviyyəsinin deyil, həm də dözümlülük və psixoloji dayanıqlılıq hədlərinin son həddə qədər zorlandığını sübut edir.

Məsələnin ən düşündürücü tərəfi ondan ibarətdir ki, builki suallar sanki şagirdin nəyi bilib-bilmədiyini yoxlamaqdan daha çox, onun zamanla olan amansız yarışda nə qədər tab gətirə biləcəyini ölçmək üçün hazırlanıb. İmtahan vərəqlərindəki sonsuz görünən, səhifələri dolduran oxuyub-anlama mətnləri gənc bir insanın zehnini elə bir labirintə salır ki, o, mətni bitirib suala çatana qədər enerjisinin böyük bir hissəsini itirmiş olur. Bu, artıq sadəcə dil-ədəbiyyat və ya riyaziyyat imtahanı deyil, bir növ “sürət və diqqət savaşı”dır. Şagird məktəb illəri boyu dərsliklərdə qarşılaşdığı sadə və aydın informasiya strukturu ilə imtahan zalındakı mürəkkəb, çoxqatlı və qəliz situasiya sualları arasındakı uçurumu gördükdə, ən yaxşı bildiyi mövzuda belə tərəddüd edir, vaxt itirir və nəticədə ruh düşkünlüyünə sürüklənir.

Burada valideynlərin və müəllimlərin də haqlı narahatlığını qeyd etməmək mümkün deyil. Övladının on bir illik əməyinin bir neçə saatın içində “vaxt çatmadı” deyə hədər getdiyini görən valideyn üçün bu, sadəcə bir imtahan balları deyil, mənəvi bir sarsıntıdır. Müəllimlər isə bildirirlər ki, proqram daxilində qalan sual hələ “şagird səviyyəsinə uyğun sual” demək deyil. Orta məktəb dərsliklərinin dili və tədris metodikası ilə imtahanda tələb olunan yüksək analitik təfəkkür səviyyəsi arasındakı qopma nöqtəsi məhz burada yaranır. Zamanın idarə olunması faktorunun bilik faktorundan önə keçməsi, bir çox parlaq zəkalı gəncin sadəcə “sürətli oxuya bilmədiyi” üçün geridə qalmasına şərait yaradır ki, bu da təhsilin ədalət prinsipləri ilə daban-dabana ziddir.

İmtahan bir cəza mexanizmi deyil, şagirdin illərdir topladığı enerjinin, biliyin və zəhmətin bəhrəsini görməsi üçün bir imkan olmalıdır. Əgər sualların ağırlığı və həcmi abituriyenti yorub əldən salırsa, onun gələcək təhsil həvəsini hələ yolun başında qırırsa, deməli, bu modelin humanistlik və pedaqoji effektivlik tərəfləri yenidən masaya yatırılmalıdır. Cəmiyyətdəki bu kütləvi narazılıq dalğası göstərir ki, ya imtahan müddəti şagirdlərin fizioloji və psixoloji imkanlarına uyğun artırılmalı, ya da təqdim olunan sualların həcmi və mürəkkəblik dərəcesireal məktəb proqramı ilə uzlaşdırılmalıdır. Əks halda, hər il eyni müzakirələrin təkrar olunması təhsilə olan inamı zədələməkdən başqa bir işə yaramayacaqdır. Bizim məqsədimiz şagirdi sındırmaq deyil, onu gələcəyə hazırlamaq olmalıdır.

Nəticə etibarilə, builki imtahan ətrafında qopan fırtına təhsil sistemimizin hər bir halqasındakı boşluqları üzə çıxardı. İmtahan bir cəza mexanizmi deyil, şagirdin və müəllimin birgə zəhmətin bəhrəsi olmalıdır. Əgər biz müəllimi statistikanın cəngindən qurtarıb, ona normal texnoloji şərait yaratmasaq və imtahan modelini real məktəb həyatına uyğunlaşdırmasaq, hər il eyni narazılıqları dinləməyə məhkumuq. Bizim məqsədimiz şagirdi və müəllimi sındırmaq deyil, təhsili real və əlçatan gələcəyə hazırlamaq olmalıdır.

Şəmsi Qoca,

təhsil eksperti

Seçilən
13
veteninfo.az

1Mənbələr