AZ

Kənd təsərrüfatında yerli sortların azalmasının səbəbləri bunlardır 

Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından bitkiçilik sahəsində istifadə olunan toxum və sortların keyfiyyəti mühüm əhəmiyyət daşıyır. Son illər fermerlərin daha yüksək məhsuldarlıq əldə etmək istəyi yeni və daha məhsuldar növlərə marağı artırsa da, bu proses yerli bitki sortlarının gələcəyi ilə bağlı müəyyən suallar doğurur. Mövcud vəziyyət həm seleksiya işlərinin inkişafı, həm də ölkədə istifadə olunan toxum bazasının perspektivləri barədə müzakirələri aktuallaşdırır.
Mövzu ilə bağlı fikirlərini Moderator.az-a açıqlayan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli mövcud vəziyyəti şərh edib.


Ekspert bildirib ki, yerli sortlar üzərində ciddi işləmək lazımdır:
"Biz görürük ki, uzun müddət seleksiya işləri aparılmır, o sahədə hər hansı ciddi işlər görülmür və buna görə də get-gedə yerli sortların məhsuldarlığı aşağı düşür.
Baxmayaraq ki, indi yerli sortlar rayonlaşdırılmışdır, daha demək olar ki, keyfiyyət baxımından daha yaxşı idi, amma məhsuldarlıq aşağıdır. Bu da o deməkdir ki, çəkilən xərc bir çox halda ödənilmir və fermerlərin gəlirləri azalır, qazancı azalır. Fermerlər də buna görə maraq göstərmirlər.
Ona görə də ya digər ölkələrdən daha məhsuldar sortlar ölkəyə gətirilir, yaxud da indi çox məhsuldar olan hibridlər var. Yəni hibrid, bilirsiniz, ən yaxşı, ən məhsuldar sortlardan əldə edilir və həmin hibridlərdən daha çox istifadə olunduğunu biz müşahidə edirik.
Xüsusən tərəvəzçilik sahəsində artıq geniş istifadə olunur, indi isə dənli bitkilərdə də istifadə olunur, dənli bitkilərin istehsalında tətbiq edilir. Yəni bu da dediyim kimi onunla bağlıdır ki, ölkəyə gətirilən o hibridlərin, hibrid toxumların məhsuldarlığı daha yüksəkdir və bir çox halda hibridlər ətraf mühitə daha dözümlü olurlar.
Yəni bu faktorlar da var. Ona görə də get-gedə Azərbaycanda yerli bitki sortları sıradan çıxır. İndi ola bilsin, bilirsiniz, təbiətdə elə hadisələr baş verər ki, həmin sortlara ehtiyac yaranar. Hələ ki, bu sortlar üzərində digər ölkələr daha ciddi işləyirlər. Təəssüflər olsun ki, Azərbaycanda bu iş qaydasına uyğun aparılmır".

Pərvin Şakirqızı

Seçilən
34
1
moderator.az

2Mənbələr