Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstan Baş naziri Viktor Orbanın siyasətini Rusiya Prezidenti Vladimir Putinlə müqayisə edib.
Bizimyol.info xəbər verir ki, Zelenskinin "Politico"ya verdiyi müsahibəyə görə, Putinin və Orbanın fərqi yalnız bir şeydir: Orban hələ Ukraynaya qarşı pilotsuz aparat və ya qoşun istifadə etmir, amma dəstək göstərilməsini bloklayır.
Prezident vurğulayıb ki, Orban Rusiya tərəfindən genişmiqyaslı işğal başlandığından bəri Moskvaya qarşı bütün sanksiyaları əngəlləyir, Macarıstan ərazisindən silah tranzitinə və Ukraynaya hərbi yardıma mane olur. "O, pulun, silahın, bizim Avropa İttifaqına və həyat yolumuza çıxışın qarşısını alır. Həmçinin, Rusiya təbliğatını yayır," – deyə Zelenski bildirib.
Orbanı Putinin müttəfiqi sayıb-saymaması ilə bağlı sualına cavabında Zelenski belə deyib: "Bəli, əlbəttə. O, Rusiya liderinin tərəfindədir. Eyni şeyi edir – Ukrayna üçün hər şeyi bloklayır. Yeganə fərqi odur ki, bu gün bizim torpaqlarımıza raket və dronla hücum etmir və qoşun göndərmir".
Prezident əlavə edib ki, hələ Orbanla birbaşa danışmayıb, amma Slovakiya Baş naziri Robert Fico vasitəsilə görüşə dəvət göndərib.
"Mən onu dəvət etdim, o (Fico): "Bəli, bir tarix təyin etməliyik", dedi, sonra isə yoxa çıxdı," – deyə Zelenski qeyd edib. Görüş iki və ya üç tərəfli formatda baş tuta bilər, amma hələ konkret razılıq yoxdur.
Xatırladaq ki, son vaxtlar Viktor Orban rəsmi Kiyevə qarşı təzyiqləri artırıb. Bir neçə gün əvvəl Macarıstan Ukraynadakı “Oschadbank” əməkdaşlarını, həmçinin dəyərli əşyaları daşıyan inkassator avtomobillərini saxlayıb. Rəsmi Budapeşt “Oschadbank”ın nağd pul və qızılını müsadirə etməyə icazə verib.
Bundan əlavə, Orban Avropa İttifaqına müraciət edərək Rusiya energetikası ilə bağlı bütün sanksiyaların dayandırılmasını tələb edib.
Ukrayna ilə Macarıstan arasında “ixtilaf mövzusu” Rusiyanın işğal etdiyi “Drujba” neft kəmərinin zədələnməsi və Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq kreditinin Orban hökuməti tərəfindən bloklanması olub.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.