Bakı, 12 mart, AZƏRTAC
Estoniyada fəaliyyət göstərən “Qarabağ Tallin” komandası yerli futzal çempionatının yarımfinalına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, komanda səfərdə “Tartu Ravens” kollektivi ilə üz-üzə gəlib. Görüş “Qarabağ Tallin”in 8:5 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da üç oyundan ibarət qarşılaşmanın yekununda iki qələbə əldə edən Tallin təmsilçisi turnirin yarımfinal mərhələsinə yüksəlib.