Əzmkarlıq, iradə və disiplin olmadan qalib gəlmək mümkün deyil
İdman yalnız fiziki sağlamlıq üçün deyil, həm də insanın xarakterinin, iradəsinin və dözümlülüyünün formalaşmasında əvəzsiz rol oynayır. O, gənclərə səbir göstərməyi, məqsədinə çatmaq üçün əzmkarlıq və disiplin nümayiş etdirməyi öyrədir. Xüsusilə cüdo kimi strateji və taktiki bacarıq tələb edən idman növləri həm bədən, həm də zehin inkişafına xidmət edir.
Bu yazıda biz Azərbaycan cüdo məktəbinin yeni nəsil nümayəndələrinə işıq tutmaq, onların uğurlarını oxucularımıza çatdırmaq istədik. Bu məqsədlə Azərbaycan yığma komandasının üzvü, 23 yaşadək Avropa çempionatının gümüş və iki dəfə bürünc mükafatçısı, həmçinin “Böyük Dəbilqə” turnirlərinin qalibi olan Ömər Rəcəbli ilə müsahibə apardıq. O, bizə idmana gəlişindən, məşqlərindən, qarşılaşdığı çətinliklərdən və gələcək hədəflərindən danışdı.

– Özünüzü təqdim edərdiniz…
-Mən Ömər Elxan oğlu Rəcəbli. Azərbaycan cüdo yığma komandasının üzvüyəm, 23 yaşadək Avropa çempionatının gümüş və iki dəfə bürünc mükafatçısıyam. Bundan əlavə, “Böyük Dəbilqə” turnirlərinin qalibi və mükafatçısı olmuşam. İdman mənim üçün həm karyera, həm də həyat məktəbidir.
– Cüdo ilə maraqlanmağa necə başladınız?
- Cüdoya marağım uşaqlıqdan atama görə yaranıb. Atam Azərbaycanın ilk dünya mükafatçılarından biridir. Mən gözümü açandan onun məşqlərini və yarışlarını görürdüm. Ona baxaraq onun kimi idmançı olmaq və hətta onun əldə edə bilmədiyi nəticələri qazanmaq arzusunda idim. Babam Əhməddin Rəcəbli cüdonu Azərbaycana gətirən ilk insanlardan biridir və uzun illər yığma komandanın baş məşqçisi olub. Mən də onların yolunu davam etdirmək qərarına gəldim.

- Uşaqlıq dövrünüzdə idmana marağınız necə idi?
- Uşaqlıqda cüdoya olan marağım çox böyük idi. Atamın yarışlarını izlədikcə bu idman növünə sevgim daha da artırdı. Atam məşqlərdə və yarışlarda olduğuna görə mənim məşqlərimi əmim – şəxsi məşqçim aparırdı. Onun hazırladığı məşqlər uşaqlar üçün çox maraqlı və motivasiyaedici idi.
-Sizi cüdo ilə məşğul olmağa ilhamlandıran şəxs varmı?
-Əlbəttə, bu insan atamdır. Onun uğurları, əzmi və idmana sevgisi mənim üçün həmişə motivasiya olub.

- Peşəkar karyeranızda ən yaddaqalan qələbəniz hansıdır?
-Ən yaddaqalan qələbələrimdən biri 2024-cü ildə Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində Avstriyadan olan Olimpiya mükafatçısı Şamil Borçalaşvili üzərində qazandığım yarımfinal qələbəsidir. Bu qələbə mənə ilk dəfə finala yüksəlmək imkanı verdi.
- İdman karyeranızda ən çətin rəqib kim olub?
- Çəki dərəcəm çox güclü rəqiblərlə doludur, onlardan biri də Yaponiyalı cüdoçu Fujiwara Sotaro olub. Onunla döşəkdə qarşılaşmaq həqiqətən çətin idi.

- Gündəlik məşq rutininiz necədir?
- Gündə iki dəfə məşq edirəm. Səhər məşqləri əsasən fiziki hazırlıq və texnika, axşam məşqləri isə döşək üzərində taktiki məşqlər və sparrinqlərdən ibarətdir. Məşqlərimiz çox ağır və intensivdir.
– Yarışlara hazırlıq zamanı nələrə diqqət edirsiniz?
-Hazırlıq yalnız məşqlə bitmir. Nizam-intizam çox vacibdir – qidalanma, yuxu rejimi və çəkini düzgün saxlamaq əsas nüanslardandır. Bundan əlavə, psixoloji hazırlıq da qalib gəlmək üçün mühümdür.
- Mental hazırlıq sizin üçün nə qədər vacibdir?
- Psixoloji dözümlülük idmanda böyük rol oynayır. Nə qədər məşq etsən də, yarışa mental hazır deyilsənsə, nəticə almaq çox çətindir. Özümü hər zaman elə hazırlayıram ki, döşəyə fiziki cəhətdən güclü rəqib çıxdıqda mən onu intizamım və psixoloji hazırlığım sayəsində udum.
– Yarış zamanı strategiyanızı necə qurursunuz?
- Strategiya bəzən rəqibə görə dəyişir, bəzən isə əvvəlcədən planlaşdırılır. Rəqibləri tanıdığım üçün onların üslubuna uyğun hazırlıq görürəm. Amma əsas məsələ döşək üzərində vəziyyəti hiss edib strategiyanı düzgün tətbiq etməkdir.

– Çətin anlarda özünüzü necə motivasiya edirsiniz?
-Özümə xatırladıram ki, çox məşq etmişəm və bu yarışa hazırlaşmışam. Bu düşüncə mənə güc verir.
– Uğur qazanmaq üçün ən vacib keyfiyyət nədir?
-Ən vacib keyfiyyət iradə və özünə inamdır. Fiziki güc vacibdir, amma iradən yoxdursa, qalib gəlmək mümkün deyil.
– Yarışlardan kənarda hansı hobbiləriniz var?
- Boş vaxtlarımda at sürməyi çox sevirəm. Bu məşqlərdən sonra mənim üçün həm istirahət, həm də əyləncədir.
– Sizi ən çox dəstəkləyən insanlar kimlərdir?
- Ən böyük dəstəyim ailəmdir. Onlar həmişə yanımda olublar, məni motivasiya ediblər və mənə kömək ediblər.
– Cüdo sizə həyatda nə öyrədib?
-Cüdo mənə güclü olmağı, çətin anlarda sınmamağı, səbirli olmağı və özümə inanmağı öyrədib.
– Gələcəkdə idman karyeranız və həyat planlarınız nələrdir?
-Mən gələcəkdə də idmanda qalmaq, təcrübəmi gənc nəsillərlə bölüşmək və Avropa, dünya və Olimpiya çempionluğu uğrunda çalışmaq istəyirəm. Bu yol mənim üçün həm şərəfli, həm də mənalıdır.

– Gənc idmançılara nə tövsiyə edərdiniz?
-Valideynlərinə qulaq assınlar və çox məşq etsinlər. İradəli olmaq və əzm göstərmək uğur üçün vacibdir.
-Azərbaycan Cüdo Federasiyasının sizə göstərdiyi dəstək haqqında nə deyə bilərsiniz?
-Azərbaycan Cüdo Federasiyasına bizə göstərilən diqqət və qayğıya görə səmimi təşəkkürümü bildirirəm. Başda Azərbaycan Cüdo Federasiyasının prezidenti cənab Rəşad Nəbiyev olmaqla federasiyanın bütün rəhbərliyinə və kollektivinə idmanın inkişafına göstərdikləri böyük dəstəyə görə dərin minnətdarlığımı ifadə edirəm. Federasiyanın idmançılara göstərdiyi diqqət və qayğı bizim üçün böyük motivasiya və stimul mənbəyidir.
Eyni zamanda, yığma komandanın müəllimlərinə və məşqçilərinə də bizə inandıqları, daim dəstək olduqları və bizi düzgün istiqamətə yönləndirdikləri üçün xüsusi təşəkkürümü bildirirəm. Onların zəhməti sayəsində biz həm idman sahəsində, həm də şəxsi inkişafımızda irəliləməyə davam edirik. Biz də göstərilən etimadı doğrultmaq üçün bundan sonra daha böyük əzmlə çalışacaq və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etməyə çalışacağıq.
Ömər Rəcəbli gənc yaşına baxmayaraq, artıq Azərbaycan cüdosunun gələcəyinə böyük ümidlər verir. Onun sözləri, uğurları və əzmi gənc idmançılara ilham verir. O, yalnız qələbələr üçün yox, həm də özünü inkişaf etdirmək və həyat dərslərini öyrənmək üçün cüdo ilə məşğul olur. Onun dediyi kimi: “Əzmkarlıq, iradə və disiplin olmadan qalib gəlmək mümkün deyil.” Bu fikirlər həm idmançılar, həm də həyatın hər sahəsində uğur qazanmaq istəyənlər üçün dəyərli dərslərdir. Biz Ömər Rəcəbliyə gələcək yarışlarda və idman yolunda uğurlar arzulayırıq, ümid edirik ki, onun əzmkarlığı və zəhməti daha böyük nailiyyətlərə yol açacaq.
Yaqut Ağaşahqızı, “İki sahil”