AZ

İpoteka niyə hər kəs üçün əlçatan deyil? - AÇIQLAMA

"Təəssüf ki, ipoteka kreditləri bu gün hər kəs üçün əlçatan deyil. Xüsusilə gənclər üçün bu imkan daha məhduddur. Çünki gənclər arasında işsizlik problemi və ya bir çox hallarda əməkhaqları ipoteka kreditlərinin aylıq ödənişlərini qarşılamaq üçün yetərli olmur. Bu səbəbdən ipoteka fonduna ayrılan vəsait artırılmalıdır ki, daha çox insan bu imkanlardan yararlana bilsin".

Bu sözləri Missiya.Az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, digər mühüm məsələ isə ipoteka kreditlərinin faiz dərəcələridir:

"Bir çox Avropa ölkələri, eləcə də bəzi qonşu dövlətlərlə müqayisədə Azərbaycanda ipoteka faizləri daha yüksəkdir. Hazırda əsas ipoteka kreditləri təxminən 8 faiz, bəzi hallarda isə 7 faizlə təqdim olunur. Bundan başqa, 4 faizlə verilən güzəştli ipoteka kreditləri də mövcuddur, lakin bu kateqoriya bütün vətəndaşlara şamil edilmir. Güzəştli ipoteka kreditləri əsasən müəyyən kateqoriyalara – məsələn, uzun müddət müəllimlik fəaliyyəti ilə məşğul olan və ya bəzi digər sahələrdə müəyyən müddət çalışan şəxslərə təqdim olunur. Lakin bu kateqoriya kifayət qədər məhduddur və geniş kütləni əhatə etmir. Buna görə də hesab edirəm ki, ipoteka kreditlərinin faizləri aşağı salınmalı, eyni zamanda ipoteka fonduna ayrılan vəsait artırılmalıdır ki, daha çox insan bu imkanlardan yararlana bilsin",-deputat bildirib.

Arzuxan Əlizadənin sözlərinə görə, digər tərəfdən, hazırda mənzil bazarında qiymətlər kifayət qədər yüksəkdir və bu da ipoteka kreditlərinin əlçatanlığını daha da çətinləşdirir. İpoteka kreditləri verilərkən tələb olunan ilkin ödəniş faizləri də az deyil. Bir çox hallarda ilkin ödəniş 30 faiz, bəzi hallarda isə 40–50 faiz, hətta bəzən 60 faizə qədər yüksəlir. Mənzil qiymətlərinin yüksək olduğu şəraitdə bu məbləği toplamaq isə hər kəs üçün mümkün olmur. Bu baxımdan ipoteka kreditlərinin əlçatanlığı ilə bağlı ciddi problemlərin mövcud olduğunu düşünürəm və hesab edirəm ki, ipoteka bazarında bu məsələlər daha effektiv şəkildə tənzimlənməlidir. İlk növbədə faiz dərəcələrinin aşağı salınmasına, ipoteka fondunun vəsaitinin artırılmasına və kredit şərtlərinin müəyyən qədər yumşaldılmasına ehtiyac var. Eyni zamanda ipoteka kreditlərindən yararlana bilən şəxslərin dairəsinin genişləndirilməsi üçün əlavə tədbirlər görülməlidir.

"Xüsusilə gənclər üçün mənzil probleminin həlli böyük əhəmiyyət kəsb edir. Bu gün bir çox gənc ailə qurmaq məsələsində tərəddüd edir və bunun əsas səbəblərindən biri də şəxsi mənzilinin olmamasıdır. İpoteka kreditlərinin daha əlçatan olması yeni ailələrin qurulmasına da müsbət təsir göstərə və müəyyən stimul yarada bilər. Bu baxımdan məsələ olduqca ciddi və diqqət mərkəzində saxlanılmalı bir problem kimi qiymətləndirilməlidir. Problemin həlli istiqamətində müvafiq qurumlar tərəfindən konkret addımlar atılmalıdır. Eyni zamanda qanunvericilik sahəsində də müəyyən dəyişikliklərə ehtiyac var. Milli Məclisdə də bu məsələ ilə bağlı mövqeyimizi ifadə etmişik və hesab edirəm ki, bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik",-A.Əlizadə əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
63
missiya.az

1Mənbələr