ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ramazan ayı insanın səbrini, iradəsini və mənəvi gücünü sınayan müqəddəs aylardan biridir. Gün ərzində oruc tutan insanlar gün batdıqda iftar süfrəsi ətrafında toplaşaraq həm fiziki ehtiyaclarını qarşılayır, həm də mənəvi rahatlıq tapırlar. Lakin bəzi insanlar üçün oruc tutmaq xüsusi diqqət tələb edir. Xüsusilə şəkərli diabetdən əziyyət çəkən şəxslər qidalanma rejiminə daha həssas yanaşmalıdırlar. Bu səbəbdən mövzu ilə bağlı endokrinoloq həkim Vüsalə Babayevaya müraciət etdik.
Həkim endokrinoloqun sözlərinə görə, diabet xəstələrinin oruc tutması məsələsi fərdi şəkildə qiymətləndirilməlidir. Onun sözlərinə görə, bəzi xəstələr həkim nəzarəti altında oruc tuta bilsə də, digərləri üçün bu riskli ola bilər: “Oruc ibadəti bir çox insanlar üçün mənəvi rahatlıq və intizam mənbəyidir. Lakin şəkərli diabet xəstələri üçün oruc xüsusi diqqət və tibbi yanaşma tələb edən bir vəziyyətdir”. V.Babayeva vurğulayır ki, yanlış planlama hipoglikemiya, hiperglikemiya, susuzlaşma və hətta həyati risklər yarada bilər. Buna görə diabetli xəstələr üçün oruc məsələsində əsas prinsip “icazəlidir, amma təhlükəsiz olmalıdır” yanaşmasıdır.
Diabetli xəstələr yalnız aşağı risk qrupuna daxildirsə, misal üçün qan şəkəri stabildir, tez-tez düşmə olmur, son aylarda ağır hipoglikemiya keçirməyib, HbA1c adətən 7–7.5 faizdən aşağıdırsa, oruc tuta bilər. Müalicə rejimi aşağı riskli olanlar – pəhrizlə idarə olunan diabet, metformin, DPP-4 inhibitorları, GLP-1 agonistləri (semaglutid, liraglutid, tirzepatid və s.), aşağı dozalı bazal insulin qəbul edənlər həkim nəzarəti ilə oruc tuta bilərlər. Xəstə qan şəkərini ölçməyi, simptomları tanımağı və lazım olduqda orucu dərhal pozmağı qəbul etməlidir. Tip 1 diabet, hamilə diabetlilər, tez-tez hipoglikemiya keçirənlər, ağır böyrək, ürək, qaraciyər çatışmazlığı, yaşlı, tək yaşayan və huş itkisi riski olan xəstələrə oruc tövsiyə edilmir və dini baxımdan da məqbul sayılmır. Bu hallarda sağlamlığı qorumaq ibadətdən üstündür.
Həkimin sözlərinə görə, oruc zamanı qan şəkəri səhər (sübh namazından əvvəl) – oruca təhlükəsiz başlanğıc üçün, günorta saatları (12:00–14:00) – erkən hipoglikemiya riski vaxtı, iftardan 1 saat əvvəl, iftardan 2 saat sonra isə hiperglikemiya nəzarəti üçün qeyd olunan saatlarda ölçülməlidir. Qan şəkərinin ölçülməsi orucu pozmur və həyati əhəmiyyət daşıyır. Simptom olduqda isə saatdan asılı olmayaraq dərhal ölçülməlidir. Bayılma, başgicəllənmə, görmə pozğunluğu, titrəmə varsa, səhər (sübh) qidalanmasına 1–2 yumurta, kəsmik və ya ağ pendir, 1 dilim tam buğda çörəyi və ya az miqdarda yulaf, zeytun, qoz, badam, xiyar, pomidor, göyərti, 2 stəkan su, şəkərsiz çay əlavə olunmalııdır. Səhər yeməyi düzgün seçilməzsə, gün ərzində şəkər kəskin düşə bilər. Səhər vaxtı bal, mürəbbə, ağ çörək, şirə və şirin çay qadağandır”.
İftar qidalanması isə mərhələli və ölçülü olmalııdır. Çünki iftarı birdən-birə ağır yeməklə açmaq şəkərin kəskin qalxmasına səbəb olur. Belə ki, 1-ci mərhələdə 1 stəkan su, 1 ədəd xurma (şəkər stabildirsə), tərəvəz şorbası qəbul edilir, 10–15 dəqiqə fasilə vacibdir. 2-ci mərhələdə isə toyuq, balıq, ət (120–150 qram), qarabaşaq, bulqur (az miqdarda), tərəvəzli salat (1 xörək qaşığı zeytun yağı ilə), desert ehtiyacı varsa: alma, armud və ya giləmeyvə qəbul edilməlidir. İftardan sahura qədər kifayət qədər su içmək lazımdır. Qazlı və şəkərli içkilər əvəzinə, su, ayran və ya şəkərsiz bitki çayları daha faydalıdır.
V.Babayeva diqqətə çatdırdı ki, şəkər, bal, mürəbbə, ağ çörək, paxlava, tort, paket şirələri və kompot, ağ düyü, makaron, qızardılmış yeməklər – fast food və yağlı kabablar şəkəri sürətlə qaldırıb sonra isə kəskin düşməyə səbəb olduğu üçün arzuolunmazdır. Mütəxəssis, həmçinin diabet xəstələrinə iftardan sonra yüngül fiziki hərəkətlər etməyi tövsiyə edir. Qısa gəzintilər qanda şəkərin səviyyəsinin daha stabil qalmasına kömək edə bilər. Şəkərli diabet xəstələri üçün oruc fərdi yanaşma tələb edən ciddi tibbi məsələdir. Doğru qidalanma, vaxtında şəkər ölçümü və şirin istəyinin idarəsi ilə oruc təhlükəsiz şəkildə tutula bilər. Vüsalə Babayeva əlavə etdi ki, əsas prinsip budur: Oruc ibadətdir, amma sağlamlıq əmanətdir.
Bəli, Ramazan ayı insanı sağlam həyat tərzi barədə daha çox düşünməyə sövq edən bir dövrdür. Diabet xəstələri üçün isə bu dövrdə ən vacib məsələ sağlamlığı qorumaqdır. Həkimlərin tövsiyələrinə əməl etmək və qidalanma rejimini düzgün qurmaq iftar süfrəsini həm təhlükəsiz, həm də faydalı edə bilər. Unutmaq olmaz ki, Ramazan ayının əsas mahiyyəti insanın özünə zərər verməsi deyil, mənəvi saflaşma və sağlam həyat prinsiplərinə daha məsuliyyətlə yanaşmasıdır. Bu baxımdan hər bir insan, xüsusilə diabet xəstələri, ibadət və sağlamlıq arasında düzgün tarazlıq tapmağa çalışmalıdır.
Nurəngiz ADİLQIZIXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.