İraqın Bəsrə körfəzində iki neft tankerindən birinin partlamasından sonra ölkədəki neft limanları bağlanıb.
"Cebheinfo.az" xəbər verir ki, İraqın xəbər portalı INA-ya danışan İraq Limanlar İdarəsinin baş direktoru Farhan Fartusi iki neft tankerindən birinin partladığını bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 31 nəfər xilas edilib, itkin düşən şəxslərin axtarışları isə davam edir.
Fartusi qeyd edib ki, partlayış səbəbindən neft limanlarının fəaliyyəti dayandırılıb, lakin ticarət limanları fəaliyyətini davam etdirir.
O, tankerlərdən birinin Malta bayrağı altında üzən gəmi olduğunu da deyib.
Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
Qeyd edək ki, İraqın yerli mediasının məlumatına görə, Bəsrə limanı yaxınlığındakı regional sularda iki neft tankeri hədəfə alınıb.
Hücum nəticəsində tankerlərdən birində böyük yanğın baş verib. Yanğınla bağlı olduğu iddia edilən görüntülər sosial şəbəkələrdə yayılıb.