Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə qoşulacaq.
Nərgiz Səmədova (53 kq) 1/4 final mərhələsində Litvanı təmsil edən Vestina Daniseviçyusla qarşılaşacaq. Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) isə yarışa təsnifat mərhələsindən start verəcəklər.
Bu gün keçiriləcək final görüşlərində Gültəkin Şirinova (55 kq) Macarıstan idmançısı Gerda Tereklə üz-üzə gələcək. Günay Qurbanova (59 kq) isə həlledici qarşılaşmada Belarus təmsilçisi Marta Hetmanava ilə gücünü sınayacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Ali Tsokayev (92 kq) Avropa çempionu olub. Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.
Avropa çempionatına martın 15-də yekun vurulacaq.